Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 21:27

ATƏT-in seçki missiyası YAP-da


Əli Əhmədov

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndə heyəti bu gün, fevralın 22-i səhər saatlarında hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında olublar.

Bu barədə YAP mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, onlar hazırkı dövlət başçısı, prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi, YAP-ın sədr müavini Əli Əhmədovla görüşüblər.

«Görüşdə Əli Əhmədov Yeni Azərbaycan Partiyasının aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işlərindən bəhs edərək, seçkilərin ədalətli və şəffaf keçiriləcəyinə əminliyini ifadə edib. Nümayəndə heyətinin rəhbəri, ATƏT/DTİHB-in Seçki Departamentinin rəhbəri Aleksandr Şlik görüşdən məmnunluğunu bildirərək, qurumun Azərbaycanda seçkilərə maraq göstərdiyini ifadə edib», - məlumatda qeyd edilir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) qiymətləndirmə missiyası fevralın 21-dən Azərbaycanda səfərdədir.

Missiya Azərbaycanda seçkiqabağı vəziyyəti öyrənmək məqsədi ilə gəlib.

Missiya dünən, fevralın 21-i görüşlərə başlayıb. Onlar öncə Mərkəzi Seçki Komissiyasında (MSK) olublar. MSK sədri Məzahir Pənahov və digər komissiya təmsilçiləri ilə görüşüblər. Verilən məlumata görə, onlar MSK təmsilçilərindən Azərbaycanın seçki sistemi, seçki komissiyalarının fəaliyyət prinsipləri, seçici siyahılarının dəqiqləşdirilməsi, növbədənkənar seçkiyə hazırlıq məsələləri ilə bağlı məlumat alıblar.

Missiya üzvlərinin ölkə rəsmiləri, habelə seçki prosesinin başqa iştirakçıları, siyasi qüvvələrin təmsilçiləri və yerli seçki mütəxəssisləri ilə görüşləri gözlənir.

Missiya səfərin yekunları ilə bağlı məruzə hazırlayıb yaymalıdır.

Azərbaycanda keçirilmiş son seçkiləri (2015-ci ildə keçirilən parlament seçkilərini) DTİHB müşahidə etməmişdi. O vaxt buna səbəb kimi müşahidəçilərin sayı ilə bağlı razılıq əldə edilməməsi göstərilmişdi. Azərbaycan hökumətinin təmsilçiləri müşahidəçilərin sayının çox olduğunu deyərək, onların azaldılmasını istəyirdi.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Seçki prezident İ.Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, artıq 15-ə yaxın şəxsin namizədliyi təsdiq edilib.

Bir sıra müxalif qüvvələr isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.

XS
SM
MD
LG