Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:10

«Dilimizə və musiqimizə əl uzadanlar mütləq cəzalarını alacaqlar»


Zümrüd Əsgərqızı (sağda) «Azadlıq» radiosunun əməkdaşı Sevda İsmayılın suallarını cavablandırır
Zümrüd Əsgərqızı (sağda) «Azadlıq» radiosunun əməkdaşı Sevda İsmayılın suallarını cavablandırır
- Zümrüd xanım, Aşıqlar Birliyi nə vaxtdan fəaliyyət göstərir?

- Birlik 1984-cü ildə xalq şairi Hüseyn Arifin təşəbbüsüylə yaradılıb və o vaxtkı Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərib. Azərbaycan Aşıqlar Birliyi (AAB) Ədliyyə Nazirliyində qeyri-hökumət təşkilatı kimi qeydiyyatdadır. Hüseyn Arifin vəfatından sonra AAB-ın fəaliyyəti bir müddət səngidi və yalnız 2000-ci ildə 5-ci qurultay keçiriləndən sonra yenidən canlandı. Həmin qurultayda mən sədr seçilmişdim.


- Birliyi necə yönəldirsiniz? Maddi vəsaiti haradan tapırsınız? İşinizi necə qurursunuz?


- QHT olsaq da indiyədək qrantlarla iş görməmişik. Konsertlər təşkil edir, konfranslar keçiririr, qazandığımız vəsaitdən Birliyin işini idarə edirik. Məsələn, Aşıq Bəhmənin gecəsini keçirəndə Respublika Sarayında anşılaq idi. Həmin gün düz 2 min adama yer çatmadı. İran Azərbaycanından gəlmiş aşıqların konserti də həmçinin. 3 dəfə belə konsertlər təşkil etdik. Marağın həddi-hüdudu yox idi. Yaxud Aşıq Ədalətin yaradıcılıq gecəsini və ya aşıq sənətinə aid kitabların təqdimat mərasimlərini misal göstərə bilərəm. Reklam naminə iş görmürük. Bəzi qrant təşkilatlarından fərqli olaraq, başımız işə o qədər qarışır ki, gördüyümüz işlərin mediada hansı əks-səda yaratmasını da doğru-düzgün izləyə bilmirik. Ancaq, fəaliyyətimizə adi insanların maraq göstərdiyini vurğulamalıyam.


- Zümrüd xanım, mediada «Azərbaycan Aşıqlar Birliyi ətrafında bitməyən savaş» mövzusunda yazılar çıxıb. Bu nə savaşdır ki, bitmək bilmir?


- Bəzi dövlət məmurları QHT-lərin işinə qarışmaq, fəaliyyətinə əngəl törətmək istəyir. «QHT-lər haqqında» qanuna əsaslandıq həmin məmurlar tərəfindən işimizə əsassız müdaxilənin qarşısını aldıq. Hüquqlarımızı bilir, vəzifəmizin öhdəsindən ləyaqətlə gəlməyə çalışırıq. İşimizi də şəffaf qurmuşuq.


- Həm dövlət qayğısı istəyirsiniz, həm də müstəqil ictimai birlik olduğunuzu söyləyirsiniz... Burda bir məntiq pozuntusu gözə dəymir?


- Hüsyen Arifin gözəl misraları var: «Ağac tək böyümək istəyənləri, paya tək çəpərdə saxlamaq olmaz!..» Qul öz qulluğu ilə barışırsa, demək əsl quldur. Mən hüquqlarımızın keşiyində dururam. Kim-vəzifəsindən, nüfuzundan asılı olmayaraq, bir QHT kimi, bizim hüquqlarımızı tapdalayacaqsa, dərhal cavabını alacaq. Bəlkə də mənim yerimdə kişi olsaydı, bu işdə mənim çəkdiklərimə dözməz və təbii ki, adı da qalmaqallarda hallanmazdı.


- Zümrüd xanım, fikrinizcə, ozan sənətinin daha geniş tanıdılması üçün nə etməliyik? Hər birimiz nə etməliyik? Birlik nə etməlidir? Dövlət nə etməlidir?


- Xaricdə, məsələn, Norveçdə, Danimarkada, Almaniyada, Türkiyədə aşıq sənətini tanımağa dərin meyl var. Bütün problem, az da olsa, dövlət qayğısının göstərilməməsindədir. Yalnız entuziazmla çalışırıq. ABŞ-dan, Fransadan çox hörmətli araşdırıcılar gəlib dissertasiyalar yazır, Azərbaycan folklorunun təbliğatçısına çevrilir, amma bizim məmurlar kömək etməkdənsə, əksinə, işə mane olmağa çalışırlar. Hərçənd, bizim təpkimizi də görürlər və həmişə də görəcəklər. Dilimizə və musiqimizə əl uzadanlar mütləq cəzalarını alacaqlar.


XS
SM
MD
LG