Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 23:30

Prezident Avropadan gələn elçini qəbul edib


Toyvo Klaar

Azərbaycan prezidenti İlham Əliyev fevralın 19-da Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi elçisi Toyvo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə dövlət başçısı Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildirib. O vurğulayıb ki, Azərbaycan-Avropa Birliyi əməkdaşlığını təkcə energetika deyil, siyasi, ticarət, investisiya, nəqliyyat, təhlükəsizlik və mədəniyyət sahələrində də genişləndirmək vacibdir.

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi T.Klaar isə öz növbəsində əməkdaşlığın yaxşı perspektivləri olduğunu bildirib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli ətrafında da fikir mübadiləsi aparılıb. Bu istiqamətdə səylərin münaqişənin sülh və danışıqlar yolu ilə həllinə yönəldilməsinin vacibliyi qeyd olunub.

Prezident İ.Əliyev bildirib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə başlıca maneədir. Dövlət başçısı vurğulayıb ki, münaqişənin tezliklə həll edilməsindən ötrü Ermənistan işğal edilmiş torpaqlardan öz qüvvələrini geri çəkməyə başlamalıdır .

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Xatırlatma

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Ötən il noyabrın 24-də Brüsseldə keçirilən sammitdə Avropa Birliyi Ermənistanla da «Hərtərəfli və genişləndirilmiş partnyorluq razılaşması» adlı sənədi imzalayıb.

Azərbaycan isə bu qurumla oxşar danışıqlara ötən ilin fevralından başlayıb. Danışıqların davam etdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG