Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:35

Navalny-nin vebsaytına çıxış bloklanır- YENİLƏNİB


Aleksei Navalny-nin videosundan bir kadr
Aleksei Navalny-nin videosundan bir kadr

Rusiyada internet provayderləri müxalifətçi Aleksei Navalny-nin vebsaytına çıxışı bloklamağa başlayıblar. Bu, ölkənin kommunikasiya tənzimləyicisinin qərarına əsasən edilir. Xəbəri sosial media, xəbər mənbələri və Navalny-nin özü yayıb.

Roskomnadzor Navalny-yə, eləcə də YouTube və Instagram-a bildirmişdi ki, bir video və fotoları silməsə, onlara giriş qapadılacaq. Söhbət milyarder Oleg Deripaska ilə baş nazirin müavini Sergei Prikhodko arasında iddia olunan görüşdən gedir. Prikhodko prezident Vladimir Putin-in keçmiş baş müşaviridir.

Daha öncə məhkəmə həmin video və fotoların Deripaska-nın özəl həyat hüquqlarını pozmasına dair qərar çıxarmışdı. Navalny qərarı mübahisələndirib.

*** Buna da bax: Rusiya YouTube və Instagramı bloklamaqla hədələyir

Deripaska isə Navalny fevralın 8-də görüş barədə məlumat yerləşdirəndən sonra məhkəməyə müraciət etmişdi. Navalny iddia edir ki, bu xəbər Putin-ə yaxın dairələrdə korrupsiyanın göstəricisidir. Navalny-nın hesabatındakı video və fotolar 21 yaşlı Belarus qadın Nastya Rybka-nın sosial media səhifəsindən götürülmüşdü.

Rybkanın bəzi videolarında Deripaska və Prixodkonun yaxtada Rusiya-ABŞ münasibətləri barədə zarafat etdikləri görünür.

Roskomnadzor fevralın 14-nü Navalny üçün son tarix qoymuşdu. Artıq bu gündən navalny.com-un bağlanması xəbərləri gəlməyə başlayıb.

Navalny və digər istifadəçilər Twitter-də yazıblar ki, saytı Rusiyanın əsas provayderlərində aça bilmirlər.

XATIRLATMA

Navalny-nin barəsində məhkəmə hökmləri əsas gətirilərək martın 18-də keçiriləcək prezident seçkisinə namizədliyi qeydə alınmayıb.

Müxalifətçi isə bildirir ki, özünə qarşı maliyyə ittihamlarıyla iki cinayət işini Kreml onu müxalifətçiliyinə görə cəzalandırmaq, dövlət vəzifəsindən kənar tutmaq üçün saxtalaşdırıb.

Navalny seçkini prezident Vladimir Putin-in “yenidən təyinatı” adlandırıb, rusiyalıları seçkiyə getməməyə çağırıb.

*** Buna da bax: Navalny Avropa Məhkəməsində Rusiyanı ittiham edib

Seçkiyə səkkiz namizəd qeydə alınıb. Tənqidçilər Putin-dən başqa digərlərinin səsvernəyə demokratik fon geyindirmək üçün ortaya atıldığını bildirir.

Avropa İnsan Haqları məhkəməsi ötən ilin fevralında çıxardığı qərarda Rusiya hakimiyyətinin müxalifətçinin azad toplaşma hüququnu pozduğunu, onu 2012-2014-cü illərdə yeddi dəfə qanunsuz saxladığını bildirib. Bu qərardan həm Navalny, həm də Rusiya apelyasiya verib.

Məhkəmə Rusiyanın müxalifətçiyə 63 min avro ödəməsi barədə qərar çıxarmışdı.

Avropa Məhkəməsinin qərarını yaxın günlərdə verəcəyi gözlənir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG