Yaşı 18-dən yuxarı rusiyalıların 45 faizi, demək olar, hər gün azı bir sosial şəbəkədən istifadə edir, 62 faizsə həftədə, heç olmasa, bir dəfə sosial şəbəkəyə girir. Di gəl, rəyi soruşulanların üçdə biri sosial mediadan tam təcrid olunub – 20 faizi internetə çıxışı olmadığını, 10 faizsə heç bir hesabı olmadığını deyib.
Bu sorğunu İctimai Rəyin Öyrənilməsi üzrə Ümumrusiya Mərkəzi (ВЦИОМ) keçirib. Məqsəd rusiyalıların hansı sosial şəbəkə və messencerlərdən istifadə etdiyini üzə çıxarmaq olub.
*** Buna da bax: MSK sosial şəbəkələrlə bağlı monitorinq aparmaq istəyir
18-24 yaşlıların 91%-nin, 25-34 yaşlıların isə 69%-nin, demək olar, hər gün sosial şəbəkələrdən istifadə etdiyi üzə çıxıb.
ƏN POPULYAR ŞƏBƏKƏ VKONTAKTE-DİR
Sorğuya görə, ölkədə ən populyar şəbəkə VKontakte-dir, rəyi soruşulanların 28 faizi bu şəbəkəyə hər gün daxil olduqlarını deyiblər. İkinci yerdə Odnoklassniki (19%), üçüncü yerdə – Instagram-dır (14%). Google+-un gündəlik izləyici sayı 7, Facebook və Moy mir-inki (Мой Мир) 4%-dir. Twitter və Jivoy jurnal hərəyə 1% toplayıblar.
Sosial şəbəkə seçimində yaş xüsusiyyətləri də az rol oynamır. Məsələn, VKontakte istifadəçilərinin 40 faizi 25-34 yaşlılardır. Instagram istifadəçilərinin 38 faizi 18-24 yaşlılar, 37 faizi isə 25-34 yaşlılardır.
Odnoklassniki-nin illik auditoriyasının 28 faizi 25-34 yaş qrupudur.
Facebook və Moy Mir şəbəkələrində daha yaşlı auditoriya üstünlük təşkil edir. Facebook-dakıların 28 faizi 35-44 yaşlılar, 26 faizi isə 45-59 yaşlılardır. Moy Mir istifadəçilərinin 39 faizi 45-59 yaş qrupudur.
*** Buna da bax: Hakimiyyət sosial şəbəkənin imkanlarından yararlanmaq istəyir
İnternetə ən populyar çıxış vasitəsi mobil telefonlar/smartfonlar sayılır. Instagram istifadəçilərinin 92, VKontakte-nin 84, qalan şəbəkə istifadəçilərinin isə 70 faizi İnternetə mobil telefonla girir.
Respondentlərdən qısa mesajları hansı messencerlərlə göndərdiklərini də soruşublar. 62 faiz rəy sorğusundan öncə azı bir belə mesaj göndərdiyini söyləyib.
Messencerlər içində WhatsApp(44%) öndə gedir. Daha sonra VKontakte (32%), SMS (32%) və Viber (30%) gəlir.