Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

Saakashvili: Poroshenko-nun vaxtına çox qalmayıb


Mikheil Saakashvili Varşavada mətbuat konfransında
Mikheil Saakashvili Varşavada mətbuat konfransında

Müxalifət lideri Mikheil Saakashvili Ukrayna rəhbərliyi ilə mübarizəsini davam etdirəcəyini deyib. O, fevralın 12-də Kiyevdə ələ keçirilərək Polşaya deportasiya olunub. Saakashvili buna görə prezident Petro Poroshenko-nu ittiham edir.

Məncə, Poroshenko-nun çox vaxtı qalmayıb”, – Saakashvili AzadlıqRadiosu ilə Amerikanın Səsi-nin birgə layihəsi olan “Current Time” televiziyasına deyib.

Onu mütləq məğlub edəcəyəm, Ukrayna xalqının dinc müqavimətiylə ona qalib gələcəyik”, – Saakashvili fevralın 13-də Varşavadan müsahibəsində söyləyib.

“HƏBSXANAYA GEDƏCƏKLƏR”

Fevralın 18-də Ukraynada müxalifətin birgə böyük etirazı olacaq. Bu, nə birinci, nə də axırıncı etiraz olacaq. Etirazların sayı tədricən artacaq. Sonucda təslim olaraq hakimiyyətdən getməli olacaqlar. Ya biz onları əzəcəyik, ya da onlar bizi”, – Saakashvili vurğulayıb.

Daha öncə Polşa paytaxtında keçirdiyi mətbuat konfransında Saakashvili “Poroshenko-nun və Ukraynanın baş prokuroru Yuriy Lutsenko-nun boynunu qırmağ”ı vəd edib.

*** Buna da bax: Saakashvili Ukraynaya dönəcəyini deyir

Onlar həbsxanaya gedəcəklər – Avropaya deyil, Ukrayna həbsxanalarına”, – o deyib.

Rəy sorğuları Saakashvili və siyasi hərəkatının Ukraynada məhdud populyarlıq qazandığını üzə çıxarıb. Bu ölkədə gələn il parlament və prezident seçkiləri keçiriləcək.

Mətbuat konfransında Ukrayna, rus və ingiliscə danışan Saakashvili deyib ki, Poroshenko hökumətinə qarşı savaşdan əl çəkməyəcək.

Burada azadam. Cənab Poroshenko, azad Saakashvili sənin üçün daha təhlükəlidir, Ukraynadakı kimi təzyiq altında deyiləm”, – Saakashvili deyib.

Saakashvili Avropa Birliyi və Almaniya kansleri Angela Merkel-dən dəstək istəmişdi. AB-nin xarici siyasət rəhbəri Federica Mogherini-nin sözçüsü Maja Kocijancic fevralın 13-də deyib ki, AB “Saakashvili ətrafında baş verənləri izləyir” və “hüququnun aliliyinin, eləcə də cənab Saakashvili-nin hüquqlarının qorunacağını gözləyirik”.

***

Mikheil Saakashvili Ukrayna ərazisinə qanuni yolla qayıtmaq planlarını açıqlayıb. Odessa vilayətinin keçmiş qubernatoru və Gürcüstanın keçmiş prezidenti Saakashvili deyib ki, Polşadan siyasi sığınacaq almaq fikrində deyil. O, keçirdiyi mətbuat konfransında onu da bildirib ki, Ukraynadan başqa vətəndaşlığı yoxdur.

Saakashvili bir gün öncə Ukraynaya deportasiya olunub.

Saakashvili Avropa Birliyindən (AB) və Almaniya kansleri Angela Merkel-dən kömək istəyib. Onun sözlərinə görə, AB, özəlliklə də Merkel heç bir tədbir görməsə, Ukrayna iflas edər.

Ukraynanın “Yeni qüvvələr hərəkatı”nın rəhbəri olan Saakashvili əminliklə deyir ki, onun Ukraynadan deportasiyasının arxasında ölkə prezidenti Petro Poroshenko dayanır. Onun fikrincə, Poroshenko Ukraynanı dağıdır və ondan da korrupsiyayla mübarizə aparan şəxs kimi qurtulmaq istəyir.

Saakashvili bir gün öncə Kiyevdə bir restoranda maskalı şəxslər tərəfindən saxlanıb. Daha sonra Ukraynanın sərhəd xidməti həmin şəxslərin onun əməkdaşları olduğunu bildirib. Müxalifətçi ötən il Polşadan Ukraynaya keçib və dünən – fevralın 12-də həmin ölkəyə deportasiya olunub. Hakimiyyət onun sərhədi qanunsuz keçdiyini bildirir.

XATIRLATMA

Saakashvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub.

O, 2015-ci ildə Ukrayna vətəndaşlığını qəbul edib və Ukrayna prezidenti Petro Poroshenko-nun xahişiylə Odessanın qubernatoru olub.

2016-cı ilin noyabrında hakimiyyəti korrupsiyada günahlandıraraq bu vəzifədən istefa verib. O vaxtdan Poroshenko-nun rəqibinə çevrilib.

50 yaşlı siyasətçiyə Gürcüstanda da cinayət işləri açılıb. Yanvarın 5-də Tbilisi məhkəməsi onu hakimiyyətdən sui-istifadədə təqsirli bilərək 3 illik həbsə məhkum edib.

Saakashvili ittihamları rədd edir, onları siyasi motivli sayır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG