Neftin qiyməti, əhalinin sosial vəziyyəti, Qarabağ münaqişəsi və növbədənkənar prezident seçkiləri medianın aparıcı mövzularındandır...
Neftin qiyməti sürətlə ucuzlaşa bilər
«Yeni Müsavat» qəzetində «İqtisadçı ekspertdən bədbin proqnoz: Neftin ucuzlaşması sürətlənə bilər» sərlövhəli yazı oxumaq olar.
Yazıda son günlər neftin qiymətinin ucuzlaşması ekspert Rəşad Həsənovla təhlil edilib.
Yazıda bildirilir ki, son günlər Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
İqtisadçı-ekspert R.Həsənov isə neftin təqribən bir həftə öncə 70 dollardan yuxarı satılmasını müəyyən qədər «köpük qiymətlər» hesab edir:
«Çünki tələb və təklif arasında elə ciddi bir disbalans yaranmamışdı. Burada spekulyativ izlər də hiss olunurdu. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, trendlərdən asılı olaraq bazar iştirakçılarının bir qismi ona uyğun mövqe tuturlar. Yəni qiymətlərin qalxması tendensiyası müşahidə olunduqda, alışa keçirlər ki, bu da qiymətləri artıran əsas səbəblərdən biri idi».
R.Həsənova görə, ABŞ-da son günlərdə neft hasilatının sürətlə artması qiymətlərə təzyiqi formalaşdıran məqamlardan biridir. Onun fikrincə, bazarlar müəyyən dövr ərzində bu informasiyanın psixoloji təsiri altında passiv mövqe sərgiləyəcəklər.
Ekspert vurğulayıb ki, 2018-ci ilin sonuna doğru bazarda təklif tələbi üstələyərsə, qiymət artımı baş verməyə də bilər:
«Bu günlərdə BP 2018-ci ilin sonuna neftin qiymətinin 55 dollara qədər ucuzlaşması proqnozu ilə də çıxış edib. Burada əsas götürülən indikatorlardan biri təklifin yenidən tələbdən daha çox olması məqamıdır».
«Yoxsullar ölkəsi...»
Azadliq.info saytında «Azərbaycan yoxsullar ölkəsinə çevrilib» sərlövhəli yazı yer alır.
Yazıda bildirilir ki, BMT-nin metodologiyasına əsasən, həyat səviyyəsi geniş göstəricilər sistemi vasitəsilə müəyyən olunur. Bura səhiyyənin, təhsilin səviyyəsi, orta ömür müddəti, əhalinin məşğulluğu, alıcılıq qabiliyyəti və siyasi həyata daxil olma imkani aid edilir:
«Xüsusilə əmək bazarı, məşğulluq, işsizlik, yaşayışı minimumu, orta aylıq əməkhaqqı, pensiya təminatının keyfiyyəti kimi çoxsaylı elementləri özündə əks etdirən parametrlər sosial vəziyyətin keyfiyyəti haqqında düşünməyə imkan yaradır. Bir neçə göstərici üzrə rəqəmlərin «dili» sosial vəziyyətlə bağlı çox mətləbləri açıq-aydın göstərir».
Yazıda vurğulanır ki, ölkədə 1 milyon 303 min nəfər pensiyaçı var. Onların ortalama pensiya məbləği 203 manatdır. Bunu dollara konvertasiya edəndə 119 ABŞ dolları edir:
«ABŞ-da aylıq gəlirinin 35 faizi ərzaq istehlakına yönəldilirsə, həmin insanlar yoxsul insanlar qrupuna aid edilir. Bizdə bu rəqəm 72 faizdir».
Müəllif son illər Azərbaycanda ümumi daxili məhsulun ( ÜDM) azalmasına da diqqət çəkib. O xatırladıb ki, ölkədə ÜDM 2014-ci ildə 75.24 mlrd. dollara bərabər olub:
«ÜDM-in həcmi birdən-birə 2016-cı ildə 37.85 mlrd. dollara düşüb. Deməli, ÜDM-in həcmində faizlərlə yox, dəfələrlə (iki dəfədən çox) enmədən söhbət gedir. 2017-ci ildə isə bu makroiqtisadi indikatorda staqnasiya qeydə alınıb. Yəni ÜDM demək olar ki, sükunət vəziyyətində qalıb».
Müəllif hesab edir ki, xəstəliyi müalicə etməkdənsə, vaxtında sağlamlığın qayğısına qalmaq daha sərfəlidir:
«Sosial indikatorlar üzrə vəziyyət kritik həddə çatmadan, problemlər dərinləşmədən, onun həllinə nail olmaq ən rasional yoldur».
«Təcavüzkar bilinməlidir»
AZERTAC saytında isə «Milli Məclisin deputatı: Münaqişələrin ədalətli həlli üçün təcavüzkarla təcavüzə məruz qalan ölkələrə fərq qoyulmalıdır» sərlövhəli məlumat dərc edilib.
Məlumatda Milli Məclisin deputatı Məlahət İbrahimqızının Avronest Parlament Assambleyasında ( PA) çıxışına toxunulur:
«Bütün beynəlxalq təşkilatlar, o cümlədən Avronest PA-da münaqişələrlə bağlı qəbul olunan sənədlərdə təcavüzə məruz qalanla, təcavüzkarın adı açıq göstərilməlidir. Bu ölkələrə fərqli yanaşmalar olmalıdır. Əks halda, heç bir münaqişənin ədalətli həllindən söhbət gedə bilməz».
Sayt bildirir ki, bu sözləri Milli Məclisin deputatı M.İbrahimqızı Avronest PA-nın siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin iclasında «Şərq tərəfdaşlığı ölkələrində təhlükəsizlik məsələləri və Avropa İttifaqının bu çağırışlara cavabı» mövzusunda məruzə ətrafında çıxış edərkən söyləyib.
Deputat Qarabağ münaqişəsinin üzərində də dayanıb.
M.İbrahimqızı vurğulayıb ki, məruzədə Azərbaycanın təcavüzə məruz qalması və Ermənistanın təcavüzkar ölkə olduğu aydın göstərilməlidir.