Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:43

Həmsədrlər bəyanat yayıb


Arxiv fotosu

ATƏT-in Minsk qrupu həmsədrləri ötən həftə regiona səfərlərinə dair bəyanat yayıb. Həmsədrlər – Rusiyadan Igor Popov, Fransadan Stephane Visconti və ABŞ-dan Andrew Schofer, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk ilə birlikdə fevralın 7-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev, 9-da isə Yerevanda prezident Serzh Sargsyan-la görüşüblər. Həmsədrlər fevralın 9-11-də Dağlıq Qarabağa da baş çəkərək regionun de fakto rəhbərliyi ilə görüşüb. Təmsilçilərin Azərbaycanın işğal altında olan Zəngilan, Qubadlı, Ağdam, Laçın və Kəlbəcər rayonlarında da spesifik məkanlara baş çəkdiyi bildirilir.

Həmsədrlər 2017-ci ilin oktyabrında Cenevrə sammitində, eləcə də daha öncə Vyana və Sankt Peterburq sammitlərində götürülmüş bütün öhdəliklərin xoş niyyətlə yerinə yetirilməsinin vacibliyini vurğulayıblar.

Həmsədrlər son vaxtlar təmas xəttində baş vermiş itkilərdən dərin narahatlıq bildiriblər. Onlar tərəfləri, Cenevrədə razılaşdırıldığı kimi, gərginliyin azaldılması və atəşkəsə sayqı göstərilməsi üçün əlavə tədbirlər görməyə çağırıblar”, – bəyanatda vurğulanır.

Minsk qrupu həmsədrləri Helsinki Aktının əsas prinsiplərinə uyğun olaraq, münaqişənin dinc yolla həllindən ötrü tərəflərə kömək göstərmək öhdəliklərinə sadiq qaldıqlarını bir daha dilə gətirirlər. Həmin prinsiplərə gücdən istifadə etməmək, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını özünün təyin etməsi daxildir.

Həmsədrlər, seçki dönəmini nəzərə alaraq, tərəflərin intensiv danışıqları davam etdirmək niyyətini alqışlayıblar.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumi dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib.

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG