Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 03:54

Nazir pensiyaların artacağı məbləği açıqladı


Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov

“Sərəncamla 2018-ci il yanvarın 1-dən əmək pensiyalarının indeksləşdirilməsinə hər ay təqribən 13,78 milyon manat, il ərzində isə 165,4 milyon manat əlavə vəsait yönəldiləcək”.

APA-nın xəbərinə görə, bunu fevralın 10-da Azərbaycan prezidentinin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncamı ilə bağlı keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir qeyd edib ki, Azərbaycanda 2006-cı il yanvarın 1-dən beynəlxalq standartlara uyğun müasir sığorta-pensiya sisteminin tətbiqi ilə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə başlanılıb. 2007-ci ildən etibarən Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 11 sərəncam verib.

"Əmək pensiyalarına edilən artımlar cari ilin əvvəlindən hesablanacaq".

Buna da bax: Pensiyalar artdı, amma...

Onun sözlərinə görə, ölkənin sığorta-pensiya sistemində növbəti dəyişiklik “Əmək pensiyaları haqqında” qanuna edilib:

“Həmin dəyişikliklər eyni zamanda uzun illər ölkəmizin pensiya qanunvericiliyində mövcud olmuş “əmək pensiyasının baza hissəsi” anlayışının aradan qalxmasına, pensiyaların baza və sığorta hissələrinin birləşdirilərək vahid məbləğ kimi müəyyən edilməsinə səbəb olub. Hər ilin əvvəlində əmək pensiyalarının yalnız sığorta hissəsinin əvvəlki ilin rəsmi inflyasiya göstəricisi əsasında artırılması həyata keçirilirdi. Artıq cari ildən əmək pensiyalarının ümumi məbləğinin ölkə üzrə orta aylıq əməkhaqqının əvvəlki ildəki artım faizinə uyğun indeksləşdirilərək artırılması mexanizminə keçilir. Bu tədbir isə pensiyaçı vətəndaşların sosial maraqlarının daha dolğun şəkildə təmin olunmasına imkan verir”.

S.Müslümov bildirib ki, Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən, 2017-ci ildə ölkədə orta aylıq nominal əməkhaqqının illik artım tempi 5,7 faiz səviyyəsində müəyyən edilib.

Buna da bax: Pensiya almaq üçün lazım olan məbləği yığmaq lazım olacaq

Nazir diqqətə çatdırıb ki, bu il yanvarın 1-nə olan məlumata görə, ölkədə əmək pensiyalarının orta aylıq məbləği 208,36 manat, yaşa görə pensiyanın orta aylıq məbləği isə 233,68 manat təşkil edir: “Vətəndaşların əmək pensiyalarının məbləğləri müxtəlif olduğundan pensiyalarda artımların məbləğləri də fərqli olacaq. Məsələn, 208,36 manat səviyyəsində olan əmək pensiyası üzrə hesablama aparsaq, indeksləşdirmə nəticəsində həmin pensiyanın məbləği 5,7 faiz, yəni 11,87 manat artırılaraq 220,23 manata çatdırılacaq”.

Nazir vurğulayıb ki, əmək pensiyalarına edilən artımlar cari ilin əvvəlindən hesablanacaq.

Xatırlatma

Prezident İlham Əliyev fevralın 9-u əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı sərəncam imzalayıb.

Sənəddə sərəncamın pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə verildiyi bildirilir.

Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2017-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etməlidir. Bundan əlavə, nazirlik fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirməlidir.

Buna qədər Azərbaycanda hər il pensiyaların sığorta hissəsi inflyasiyadan asılı olaraq artırılırdı.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il əməkhaqqı 5,7 faiz artıb , inflyasiya isə 13 faizə yaxın olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG