Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 13:20

MTN generalı yenidən məhkəmə istintaqı tələb edir


MTN işi

MTN generalı, uzun illər nazirliyin Antiterror Mərkəzinə rəhbərlik etmiş Elçin Quliyev fevralın 8-də yenidən məhkəmə qarşısına çıxarılıb. O, 10 il 6 ay azadlıqdan məhrum edilməsi, general rütbəsinin alınması və əmlakının müsadirə olunması haqda hökmdən narazı qalaraq, apellyasiya şikayəti verib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində Sahibxan Mirzəyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

E.Quliyev haqqındakı cinayət işinin yenidən araşdırılmasını istəyir. Ona görə də vəkilləri fevralın 8-də ilkin baxış iclasında onun şikayətinə məhkəmə istintaqı keçirilməklə (şahidlərin dindirilməsi, əlavə sübutların araşdırılması və s.) baxılması barədə vəsatət qaldırıblar.

Məhkəmədə o da məlum olub ki, MTN generalının müdafiəsinə Ziyad Abbaszadə adlı daha bir vəkil qoşulub. Cinayət işinin həcminin böyük olduğunu deyən yeni vəkil işlə tanışlıq üçün məhkəmədən vaxt istəyib. Ona fevralın 22-nə qədər vaxt verib.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra E.Quliyev Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad edilərək, nazirliyin Heydər Əliyev Akademiyasının kafedra rəisi təyin edilib. Bu vəzifədə bir müddət işləyəndən sonra isə həbs olunub. Ona vəzifə səlahiyyətlərindən sui-istifadə, adamları qanunsuz azadlıqdan məhrum etmə, rüşvət alma, hədə-qorxu ilə tələb etmə kimi ittihamlar verilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyevə 10 il 6 ay, onunla birlikdə mühakimə olunan keçmiş işçisi Azər Mehdiyevə isə 8 il həbs cəzası verilib. E.Quliyevin general, işçisinin isə polkovnik rütbəsinin alınması, üzərində həbs qoyulmuş əmlakların bir qisminin müsadirəsi də hökmdə öz əksini tapıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG