Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 18:03

'ABŞ Azərbaycanla münasibətlərə əhəmiyyət verir'


Bricet Brink

“ABŞ Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir. İki ölkə arasında strateji tərəfdaşlıq üzrə siyasi dialoqun gücləndirilməsi vacibdir”.

ABŞ Dövlət katibi müavininin müşaviri Bricet Brinkin xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə belə dediyi açıqlanıb.

Görüş haqda Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb. Məlumata görə, görüşdə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri də iştirak edib.

Xəbərə görə, B. Brink prezident İlham Əliyevlə görüşündən danışıb, çox faydalı müzakirələrin aparıldığını bildirib. Mövcud ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdıran B.Brink Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlara verdiyi töhfəsini yüksək qiymətləndirdiklərini xüsusi qeyd edib.

Öz növbəsində Elmar Məmmədyarov Azərbaycanın da ABŞ ilə münasibətlərin daha da inkişafında maraqlı olduğunu vurğulayıb.

Nazir həmçinin, qonağı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar haqda məlumatlandırıb.

O, vurğulayıb ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdləri qəbuledilməzdir.

Xatırlatma

Azərbaycana səfər edən ABŞ Dövlət katibi müavininin müşaviri Bricet Brink fevralın 6-da prezident İlham Əliyevin qəbulunda olub.

Həmin görüşdə enerji layihələri, Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlıq, ticarət dövriyyəsinin və ixrac imkanlarının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi, demokratik inkişaf, qanunun aliliyinin təmin edilməsi və insan haqlarının qorunması məsələləri ətrafında da müzakirələr aparıldığı bildirilir.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Ermənistanla Azərbaycan arasındadır. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG