Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 13:46

AŞPA məruzəçisi bir çox məhbusların buraxılacağını gözləyir


Sezar Preda və Stefan Şennak

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Şennak Sezar Preda martda Azərbaycana səfər edəcək.

Bu haqda həmməruzəçilərdən S.Şennak özünün Twitter səhifəsində yazıb.

S.Şennak Novruz bayramı ərəfəsində Azərbaycanda bir çox məhbusun azadlığa buraxılacağını gözlədiklərini ifadə edib.

«Novruz bayramı ərəfəsində Azərbaycanda bir çox məhbusların azadlığa buraxılacağını gözləyirik», - yazan S.Şennak qeyd edib ki, həmin ərəfədə AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri qiymətləndirmə missiyası ilə Azərbaycana gələcəklər.

AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri bundan əvvəl Azərbaycana ötən il sentyabrın ortalarında səfər etmişdilər. S.Şennak və S.Preda əvvəlcə prezident İlham Əliyev, başqa rəsmilər və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşmüşdülər. Onlar həmçinin, cəzaçəkmə yerlərinə gedərək bir neçə siyasi məhbus sayılan şəxslə görüşmüşdülər.

Xatırlatma

Azərbaycanda Novruz bayramı ərəfəsində əfv və ya amnistiya gözləntisi var. Hüquq müdafiəçiləri siyasi məhbus sayılan şəxslərdən bəzilərinin əfv oluna biləcəyini ifadə ediblər.

Yanvarın sonundan başlayaraq Azərbaycan prezidenti yanında Əfv Məsələləri Komissiyasının toplantılarının keçirilməsi bu gözləntiləri daha da artırıb.

Komissiyadan verilən açıqlamalara görə, əfv olunmaqdan ötrü 1000-dən artıq məhbus onlara müraciət edib.

Bu günlərdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar da Amnistiya aktının qəbul edilməsi ilə bağlı parlamentdə təklif səsləndiriblər.

Prezident sonuncu dəfə də əfv fərmanını bir il əvvəl elə Novruz bayramı ərəfəsində, 2017-ci il martın 16-da imzalayıb. Həmin əfv fərmanı 423 nəfərə şamil olunub. Onların içərisində bir neçə şəxs hüquq müdafiəçilərinin siyası məhbus siyahılarında yer alırdı.

Hüquq-müdafiə təşkilatları Azərbaycanda ümumilikdə 150 civarında siyasi məhbusun olduğunu bildirirlər.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Rəsmilər deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG