Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 13:56

Fevralın 5-də Çinin paytaxtı Pekin şəhərində Azərbaycan Ticarət Nümayəndəliyinin ofisi açılıb. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir.

Açılış mərasiminə Çində səfərdə olan iqtisadiyyat naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti də qatılıb.

Nazir vurğulayıb ki, Pekində Azərbaycanın Ticarət Nümayəndəliyinin ofisinin açılması iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişafında önəmlidir:

«Nümayəndəlik ölkəmizin qeyri-neft ixracının genişləndirilməsi, Çin investisiyalarının cəlb olunması və müxtəlif məsələlərlə bağlı Azərbaycan sahibkarlarına dəstək göstərilməsi baxımından əhəmiyyətlidir».

Ş.Mustafayev deyib ki, Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1.2 mlrd. ABŞ dolları olmaqla, 43 faiz artıb:

«Çin Azərbaycanın ticarət tərəfdaşları sırasında dövriyyəsinə görə 4-cü, ixracda 8-ci, idxalda isə 3-cü ölkədir. Azərbaycanda Çin kapitallı 100-dən çox şirkət fəaliyyət göstərir. Bu şirkətlər müxtəlif layihələrdə uğurla iştirak edirlər».

Azərbaycanın Çində Ticarət Nümayəndəliyi 2017-ci ildə yaradılıb.

Çin Xalq Respublikası ilə yanaşı, Azərbaycanın Rusiya Federasiyası, Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndələri də fəaliyyət göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG