Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 13:49

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni yem emalı məntəqəsinin tikintisinə dəstək verib. Sabah, fevral 2-də məntəqənin rəsmi açılışı olacaq.

Bu haqda ABŞ-ın Azərbaycandakı Səfirliyinin press-relizində yazılır.

Səfirlik bildirir ki, yeni yem emalı və toxum təmizləmə məntəqəsi Cocuq Mərcanlı və ətraf kənd sakinlərinə mal-qaradan ötrü yem hazırlamağa kömək edəcək.

«Öncə sakinlərin əksəriyyəti çox hallarda baha başa gələn yemi almaq üçün ən yaxın məntəqəyə uzun yol qət etməli olurdular. İndi isə yerli sakinlər yemi münasib qiymətə öz icmalarında əldə edə biləcəklər. Bu yeni məntəqə Cocuq Mərcanlı və ətraf üç kəndin təsərrüfatla məşğul olan 3 min 100-dən çox sakininin vaxtına, puluna, enerjisinə qənaət etməyə kömək edəcək», - səfirlik bildirir.

Yem emalı məntəqəsi ideyası Cocuq Mərcanlı kəndi sakinlərindən gəlib.

Layihəni ABŞ və Azərbaycan hökuməti birgə maliyyələşdirib. Onu Şərq-Qərb İdarəçilik İnstitutu (EWMI) həyata keçirib.

2011-ci ildən ABŞ və Azərbaycan birlikdə 100 müxtəlif icmada 113 icma infrastruktur layihəsi tamamlayıb. Bu layihələrdən məcburi köçkünlər də daxil olmaqla, 183 minə yaxın insanın faydalana bildiyi bildirilir.

2003-cü ildən ABŞ məcburi köçkün uşaqlarına da xidmət edən 16 məktəb tikintisinə və məcburi köçkünlərin yaşadığı icmalarda 3 su layihəsinə 5.5 milyon dollar xərcləyib. ABŞ hökuməti Azərbaycanda məcburi köçkünlərə yönəlik yardım işlərinə 125 milyon ABŞ dollarından artıq vəsait xərcləyib.

Xatırlatma

Cocuq Mərcanlı kəndi 1993-cü ildə işğal olunub, 1994-cü ildə Horadiz və ətraf qəsəbələrlə birlikdə azad edilib. 2016-cı ilin aprelində kəndin yaxınlığındakı Lələtəpə yüksəkliyi azad edilib.

Prezident İlham Əliyev ötən il yanvarın 24-də bu kəndin bərpası ilə bağlı sərəncam verib. İlkin olaraq Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə 4 milyon manat pul ayrılıb. Kənddə birinci mərhələdə 50 fərdi yaşayış evi, məktəb binası və müvafiq infrastrukturlar tikilib. Bundan başqa, dövlət başçısı kəndin yol çəkilişindən ötrü də 4.3 milyon manat ayırıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG