Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 07:17

SOCAR: 'Avro-5' standartına daha bir addım yaxınlaşdıq


Neft emalı zavodu

Fevralın 1-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) yeni qurğuların tikintisi ilə bağlı «Maire Tecnimont» şirkəti ilə müqavilə imzalayıb.

SOCAR-ın məlumatına görə, müqavilə NEZ-in modernizasiyası və rekonstruksiyası layihəsinin bir hissəsi kimi müəssisədə EPC sabit qiymət prinsipləri əsasında yeni qurğuların tikintisini nəzərdə tutur.

«NEZ-də rekonstruksiya və modernizasiya layihəsi çərçivəsində İlkin Detallı Layihələndirmə (FEED) işləri başa çatdırılıb. Layihələndirmə, Satınalma, Tikinti (EPC) mərhələsinin icrası məqsədilə tender müsabiqələri keçirilib. SOCAR-ın Neft Emalı Zavodu və «Tecnimont/Kinetics Technology» Alyansı arasında zavodun yenidənqurma, modernizasiya layihəsi çərçivəsində yeni qurğuların tikintisi üzrə EPC müqaviləsi imzalanıb», - şirkət bildirir.

İmzalama mərasimində hər iki tərəfdən yüksəkvəzifəli şəxslərin, həmçinin, İtaliyanın Azərbaycandakı səfirinin iştirak etdiyi bildirilir.

Seçimdə 5 şirkət iştirak edib

«SOCAR «Avro-5» standartına cavab verəcək yüksəkkeyfiyyətli dizel, benzin və digər yanacaq məhsullarının istehsalına daha bir addım yaxınlaşıb. Əməkdaşlığımız yaxın illərdə Azərbaycanın daxili bazarını yüksəkkeyfiyyətli yanacaqla təmin etməyə, ölkəmizin ixrac gəlirlərini artırmağa imkan yaradacaq», - mərasimdəki çıxışında SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

NEZ-in rekonstruksiyasına dair EPC işlərinin iki hissədən ibarət olduğu bildirilir - yeni qurğuların tikintisi və mövcud qurğuların yenidən qurulması.

Şirkət bildirir ki, yeni qurğuların tikintisi üzrə tender 2017-ci il fevralın 10-da elan edilib, seçimdə 5 beynəlxalq şirkət iştirak edib. «Maire Tecnimont SpA» şirkətinin törəmə qurumu «Tecnimont» və «Kinetics Technology» alyansı tenderdə yüksək yekun göstəricilər qazanaraq, yeni obyektlərin tikintisindən ötrü EPC podratçısı seçilib. Müqaviləyə əsasən, 10-dan çox istehsal qurğusunun tikintisi nəzərdə tutulur.

Mövcud qurğuların və ümumi zavod təsərrüfatı obyektlərinin yenidən qurulması isə ötən ilin dekabr ayında digər tenderin qalibi olan «Tecnicas Reunidas» şirkətinə həvalə olunub.

SOCAR yeni imzalanmış müqavilənin maliyyə tərəflərini açıqlamayıb.

Xatırlatma

Bakı Neft Emalı Zavodu ötən əsrin 40-cı illərinin sonlarında qurulub.

Bir neçə il əvvəl zavodun yenidən qurulmasına başlanıb. Prosesə Avstriyanın «Poerner», Fransanın «Axens», İngiltərənin UOP şirkətləri də cəlb olunub.

SOCAR-ın məlumatına görə, yenidənqurma işləri nəticəsində zavodun mövcud texnoloji qurğularının modernləşdirilməsi və bəzi yeni qurğuların inşası nəzərdə tutulur. Layihə üzrə qısa müddət ərzində zavodun illik emal gücünün 6 milyondan 7.5 milyon çatdırılması, bir neçə yeni qurğunun tikilərək istismara verilməsi planlaşdırılır.

Yenidənqurmadan sonra zavodda «Euro-5» standartlarına cavab verən daha keyfiyyətli neft emalı məhsulları da istehsal edilməlidir. Yenidənqurma işlərinin neçəyə başa gələcəyi barədə dəqiq məlumat verilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG