Özbəkistanın mərhum prezidenti Islam Karimov-un böyük qızı Gulnara Karimova-nın oğlu Böyük Britaniyadan siyasi sığınacaq istəyib. Bu haqda BBC-nin özbək xidməti məlumat yayıb.
Londonda yaşayan kiçik Islam Karimov-un vəkili yanvarın 30-da deyib ki, müştərisi azı bir ay öncə sığınacaq almaqdan ötrü müraciət edib.
Xəbərdə vəkilin adı açıqlanmır.
Vaxtilə atasının potensial varisi sayılan Karimova 2014-cü ildə korrupsiya qalmaqalı üzündən ictimai həyatdan çəkilib, hazırda həbsdədir.
Oğul Karimov dekabrda deyirdi ki, anasının üzləşdiyi “dəhşətli” durum üzündən Britaniyadan sığınacaq istəməyi planlaşdırır.