Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:38

ABŞ Türkiyəni seçəcək, yoxsa kürdləri


Türkiyənin Suriyayla sərhədindəki müxalif döyüşçülər
Türkiyənin Suriyayla sərhədindəki müxalif döyüşçülər

Ötən həftəsonu Türkiyə əsgərləri Suriyada Amerikanın müttəfiqi olan kürd yaraqlılara qarşı hava və qurudan hücuma başladı. Bəs, ABŞ-la Türkiyə dost deyillər ki? Bu, müəyyən nöqtəyə qədər belədir”. “The New York Times” qəzetində Sewell Chanjan bu iki ölkənin NATO müttəfiqi olaraq hücum zamanı bir-birinin köməyinə gəlməli olmasıyla bağlı öhdəliyini xatırladır. Birləşmiş Ştatlar Türkiyəyə silah yardımı edir, Suriyada İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qarşı mübarizədə Incirlik hava bazasından faydalanıb.

Ancaq 2003-cü ildən bəri Recep Tayyip Erdogan-ın hakimiyyəti altında getdikcə avtoritarlaşan Türkiyənin Vaşinqtonla münasibətləri də sərinləşməyə başlayıb. Özəlliklə də, 2016-cı ilin iyulundakı uğursuz çevriliş cəhdindən sonra pisləşmə daha da dərinləşib. Erdogan ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gulen-i həmin çevriliş cəhdinin arxasında durmaqda, Birləşmiş Ştatları isə ona sığınacaq verməkdə suçlayır.

*** Buna da bax: BMT Təhlükəsizlik Şurasında Türkiyənin Afrinə hücumu müzakirə edilib

KÜRDLƏRİN SƏBƏBİ VƏ TÜRKİYƏNİN QORXUSU

Birləşmiş Ştatlar Türkiyənin əməliyyat başlatdığı YPG kürd qruplaşmasını silahlandırır və onlar İŞİD-lə mübarizədə vacib rol oynayıblar. İŞİD-lə mübarizə sona yaxınlaşdıqca Türkiyə bu yaraqlıların Türkiyədəki kürd müttəfiqlərinə kömək etməyə başlayacağından narahatdır.

Londondakı Chatham House beyin mərkəzindən Renad Mansour bu qorxunu tamamilə əsassız da saymır. Axı, Türkiyənin, ABŞ-ın, Avropa Birliyinin terror təşkilatı kimi tanıdığı PKK lideri Abdullah Ocalan 20 ilə yaxın Suriyanın kürdlər yaşayan hissəsində qərarlaşıb.

Wilson mərkəzinin əməkdaşı Amy Austin Holmes deyir ki, Suriya kürdlərinin çoxu YPG-yə qoşulub və onların “sadə bir məqsədi var – Kobani kimi digər şəhərləri də müdafiə etmək istəyiblər, yəni heç də onların hamısının PKK ideologiyasına inandığını söyləmək olmaz”.

Tennessee Tech Universitetinin politoloqu Michael M. Gunter-in fikrincə, “türklər bu təhlükəni şişirtsələr də, bu, tamamilə təxəyyül məhsulu da deyil”.

ABŞ dövlət katibi Rex W. Tillerson ötən həftə elan etdi ki, Birləşmiş Ştatlar Suriyanın şimal-şərqində 30 minlik kürd qüvvəsini dəstəkləyəcək. Bu, Birləşmiş Ştatların muxtar kürd anklavını gücləndirmək istəyi sarıdan regionda narahatlığı artırdı.

*** Buna da bax: Türkiyə Suriya əməliyyatından ‘geriyə addım atmayacaq’

Türkiyə çoxdandı həmin əraziyə müdaxiləni arzulayırdı. Trump administrasiyasının açıqlaması ona yaxşı bəhanə verdi”, – bunu isə İsveçrədəki Neuchâtel Universitetinin tarixçisi Jordi Tejel deyir.

BİRLƏŞMİŞ ŞTATLARA YAXŞI NƏSƏ VƏD ETMİR

Müəllif Türkiyənin kürd yaraqlılara qarşı əməliyyatının Birləşmiş Ştatlar üçün yaxşı bir şey olmadığını vurğulayır. Onu da qeyd edir ki, bu, həm də Vaşinqtonun günahıdır, yürütdüyü anti-İŞİD strategiyası türk-kürd bombasını quraşdırdı və indi partlamaq üzrədir.

Niderlandın İraqdakı keçmiş səfiri, Yaxın Şərq üzrə alim Nikolaos van Dam-ın sözlərinə görə, Donald Trump administrasiyası Suriya kürdlərini “Türkiyənin açıq-aşkar arzularına rəğmən” dəstəkləyirdi, çünki İŞİD-in çöküşündən sonra Suriyada mövqe qazanmaq istəyirdi. Di gəl, keçmiş səfir xəbərdarlıq edir ki, Bashar al-Assad hakimiyyətdə qalarsa, bu yanaşma işləməyəcək.

Bu münaqişə keçmiş müttəfiqləri də üz-üzə qoya bilər: Amerikanın dəstəklədiyi, Assad-la savaşan mötədil üsyançılardan ibarət Azad Suriya Ordusu indi Türkiyə ordusuyla birlikdə kürdlərlə vuruşur”, – müəllif yazır.

Van Dam-ın fikrincə, uzunmüddətli perspektivdə Vaşinqton, güman ki, Türkiyəylə alyansını kürdlərlə münasibətlərdən daha vacib hesab edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG