Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:04

Davos forumu başlanır


Davos
Davos

Bu həftə İsveçrənin Davos şəhərində milyarderlər, dövlət başçıları, dünya korporasiyaları rəhbərlərinin iştirakıyla illik Dünya İqtisadi Forumu başlanır.

Yanvarın 23-dən başlanan dörd günlük foruma ABŞ prezidenti Donald Trump daxil olmaqla 60-dan çox dövlət və hökumət başçısı, yüzlərlə şirkət rəhbəri, akademik, mülki cəmiyyət fəalı, tanınmış qatılır. Builki tədbirin devizi “Çat verən dünyada birgə gələcəyin qurulması”dır.

“QLOBAL KƏND ASPEKTİ”

AzadlıqRadiosu-nun əməkdaşı Alan Crosby yazır ki, hələlik, tədbiri əngəlləyən sadəcə qardır, forumöncəsi nikbinlik yüksəkdir. Niyə də olmasın, qlobal iqtisadiyyatda artım var, ABŞ-da vergi sistemində islahatların şirkətlərin qazancını artıracağı gözlənir.

*** Buna da bax: Prezident İ. Əliyev Davosda görüşlər keçirir

“Qara görə məmnunam, çünki bu qar Davosa gərəkən qlobal kənd aspekti verir, elə bir kənd ki, burada təbiətin çox vacib rol oynadığını bilirsən. Elə müzakirələrimizdə də ətraf mühit məsələsi öndə olacaq”, – forumun sədri Klaus Schwab yanvarın 21-də “Reuters” informasiya agentliyinə müsahibəsində deyib.

Davosda 400-dək debat və paneldə iqtisadi artım, ətraf mühit, terrorçuluq, süni zəka, Afrikadakı durum, qaçqınların sığındıqları ölkələrə verə biləcəkləri töhfə müzakirə olunacaq.

Artıq ABŞ-da Lehman Brothers investisiya bankının iflasının təkan verdiyi qlobal maliyyə böhranından on il keçir. Bu tədbirin son günündə Trump çıxış edəcək, amma o vaxtadək onun müzakirələrin mərkəzində duracağı gözlənir.

Artıq bir neçə kiçik etirazlar keçirilib. Yanvarın 23-də Sürixdə daha bir etiraz gözlənir. Amma hakimiyyət güclü qarın yağmasını əsas gətirərək kəndin özündə etiraz keçirməklə bağlı solçu qrupların müraciətini rədd edib.

4 MİN 300 POLİS

Bu arada İsveçrədə Trump-ın tədbirə qatılmasının əleyhinə onlayn petisiya 16 mindən çox tərəfdar toplayıb.

İsveçrə polisi təhlükəsizliyin təminatı məqsədiylə regiona 4 min 300-dən çox əməkdaş yerləşdirib. Oxşar tədbirlər əvvəlki illərdə də görülüb, ancaq bu tədbirə vəzifədə olan ABŞ prezidenti ikinci dəfədir qatılır.

*** Buna da bax: İ.Əliyev: 'Dünyada ən yüksək inkişaf göstəriciləri bizdədir'

Davosa rok ulduzların, digər tanınmışların da qatılacağı gözlənir. Müğənni Elton John və aktrisa Cate Blanchett onların arasındadır, müzakirələrdə, nahar və kokteyl partilərində sosial məsələlər üzrə maarifləndirmə işi aparılacaq.

Builki forumda seksual qısnamayla bağlı da bir neçə sessiya gözlənir. Ötən il Hollivud prodüseri Harvey Weinstein və digərləri tərəfindən qadın həmkarlarına qarşı seksual qısnama iddiaları səsləndi, #MeToo (Mən də) hərəkatı yarandı.

Seksizm ittihamlarının səsləndiyi bir vaxtda Dünya İqtisadi Forumuna bu il yeddi qadın həmsədrlik edəcək, Beynəlxalq Valyuta Fondunun rəhbəri Christine Lagarde və IBM şirkətinin direktoru Ginni Rometty də bu sıradadır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG