Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:00

Lazada lüğətdən silinmiş sözlər


Qusar Rayonu
Qusar Rayonu

Yüksəklikdən baxanda yalnız bacalardan çıxan tüstünü görürsən. Hara baxsan, dümağ qar var. Qusarın Laza kəndindən söhbət gedir.

Kameradan, fotoaparatdan qaçanlar

Qış bu kəndə oktyabrda salam verir, apreldə vidalaşır. Havalar çox soyuq olsa da, kəndə səssizlik çöküb. İnanmaq olmur bu səssizliyə, axı Qusarın ən ucqar kəndinə, keçilməz yollu bu yerlərə hər gün turistlər gəlirlər.

Yerli turistlər
Yerli turistlər

Lazada 34 ev var. Kəndin 150 sakini ola-olmaya. Uşaqlar şad-xürrəm, ata-analar qayğılı görünür. Balacalar xizəklə təpələrə çıxıb üzüaşağı sürüşür, böyüklərsə evi nə cür isitməyi düşünürlər.

Amma hamının üzündən gülüş, təbəssüm əskik deyil. Yaxınlaşıb nə soruşsan, kömək edərlər. Di gəl, jurnalist olduğunu bilməsələr yaxşıdır. Əlində kamera, fotoaparat görüncə, geri çəkilirlər. Yox, qorxub eləmirlər, sadəcə, əllərində kamera görənlərə yaxınlaşan paytaxt sakinlərindən fərqli olaraq, yalan danışmağı sevmirlər. Üstəlik, onların gözündə vidieokamera çoxdan adiləşib. Axı hər gün kamera görürlər və indiyəcən o qədər adama dərdlərini açıblar ki!.. Daha heyləri qalmayıb, jurnalistlərə dərdlərini danışmaqdansa, meşəyə gedib çır-çırpı yığmağı, evi isitmək üçün ağac qırıntıları toplamağı daha faydalı bilirlər. Onsuz da Lazadan, kəndin problemlərindən, insanların qayğılarından, turizmə əlverişli bu yerlərə dövlətin yatırım ayırmamasından o qədər yazılıb-cızılıb ki, sözlər də tükənib.

Buna da bax: 'Meşələri kəsib obyektlər tikməsəydilər, indi sürüşməzdik'

Bir məktəb, bir dükan və...

Lazada bir məktəb və bir dükan var. Məktəb ibtidai təhsil verir, iki müəllim 14 şagirdə dərs deyir. Dördüncü sinfi bitirənlər oxumağa qonşu kəndlərə getməli olurlar. 30-35 ailəyə bir dükansa yetərlidir, lazım olan hər şey var. Lazada lüğətdən silinən sözlər də var. Məsələn, xəstəxana... Lazada yaşayanlar Milli Akademiya dilçilərindən fərqli olaraq, illəröncədən bir neçə sözü arxaik bilib rədd ediblər. Bu da ö sözlərin siyahısı: Xəstəxana, qaz, hökumət, təcili yardım... Əslinə qalsa, siyahını çox uzatmaq olar.

Buna da bax: Hökumət 'Şahdağ'a 18 milyon manat niyə ayırıb?

Burada böyüyən balacaların, hər gün qoyun-quzunu qabağına qatıb otarmaq üçün dərələr aşan uşaqların, eləcə də böyüklərin öz arzuları var. Amma kəndə qazın verilməsi, xəstəxana tikilməsi kimi istəkləri çoxdan xəyal kimi də ürəklərində basdırıblar. Kimi mal-qarasını artırmaq, Cek London kimi böyük fermaya sahib olmaq istəyir, kimi füsunkar təbiəti qoyub tozanaqlı və bomboz paytaxta lap Tolstaysayağı qaçmağı düşünür, kimi də iri darvazası olmayan, kol-kosla hörülmüş hasarının arxasında bir az Selincersayağı şad-xürrəm ömür sürməyi arzulayır...

***

Yuxarıdan Laza bir ovuca sıxışacaq boyda görünür. Sanki barmaqlarını qatlasan, kənd əlində əziləcək. Amma buranı illər əvvəl bəzi əllər elə əzib, elə sıxışdırıb ki, hələ də qatı açılmır.

Aşağı - kəndə enincə Lazanın ürəyə yerləşməyəcək qədər böyük olduğunu görürsən. Bu qədər problemlə üzləşsələr də, yenə adamların üzü gülür. Bir gün hər şeyin yaxşı olacağını düşünərək yaşayırlar...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG