Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 06:54

Saday Şəkərlinin azad edilməsi istənilir


Yazıçı-şair Saday Şəkərli

Həbsdəki yazıçı-şair Saday Şəkərlinin vəkilləri məhkəməyə müraciət edib. Onlar yazıçı-şairin vaxtından əvvəl azadlığa buraxılmasını istəyir.

Bu barədə məlumatı onun vəkillərindən Fəxrəddin Mehtiyev yayıb.

Vəkilləri S.Şəkərlinin adından Nizami Rayon Məhkəməsinə müraciət ediblər. F.Mehdiyevin sözlərinə görə, müraciət cinayət qanunvericiliyinə edilmiş son dəyişikliklərə əsaslanır.

“Saday Şəkərli 2015-ci ildə həbs edilib, 5 il müddətinə azadlıqdan məhrum edilib. Yeni dəyişikliyə görə, onun azadlığa buraxılması mümkündür. Yəni, artıq iş üzrə mülki iddiaçı yoxdur, maddi ziyan da yoxdur. Ailə vəziyyəti və səhhətindəki problemləri məhkəmə nəzərə ala bilər. Hesab edirik ki, ittihamı daha yüngül maddəyə tövsif etməklə onun vaxtından əvvəl azadlığa buraxılması mümkündür. Nizami Rayon Məhkəməsindən xahiş etmişik ki, vəziyyətini nəzərə alıb, onu azadlığa buraxsın”, – vəkil qeyd edib.

Buna da bax: Həbsdəki şair cəzaçəkmə müəssisəsinə köçürülüb

Məhkəməyə müraciət, hələlik, icraata verilməyib.

XATIRLATMA

Saday Şəkərli 2015-ci il dekabrın 23-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 16-da çıxarılan hökm ilə o, 10 il azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi isə həmin hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib. Müdafiə tərəfi isə qərarla razılaşmayaraq kasasiya şikayəti verib. Ancaq kassasiya şikayəti təmin olunmayıb.

Şair həbsini tənqidi məzmunda olan «Qurd ürəyi» adlı kitabının çapı ilə əlaqələndirir. Həmin kitabda o, nəşrə maliyyə dəstəyinə görə vergilər naziri Fazil Məmmədova minnətdarlıq edib.

S.Şəkərlinin həbsindən dərhal sonra onun evində axtarış aparılıb və kitabın 50 nüsxəsindən 49-u götürülüb. Yalnız bir nüsxəni gizlədib saxlamaq mümkün olub.

Hüquq-müdafiə təşkilatları bir müddət əvvəl S.Şəkərlini «siyasi məhbus» elan ediblər.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG