Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:10

Kastutis Yankauskas: 'Bu il Azərbaycandan ötrü mühüm ildir'


Kastutis Yankauskas

«2018-ci ilin Avropa Birliyi (AB) və Azərbaycan arasında münasibətlərin daha da möhkəmlənməsi ili olacağını gözləyirəm».

Avropa Birliyi (AB) və Azərbaycan arasında yeni sazişlər üzrə danışıqların gedişi ilə bağlı «Turan» agentliyinə müsahibəsində bu qurumun Bakıdakı nümayəndəliyinin rəhbəri Kastutis Yankauskas belə deyib.

O vurğulayıb ki, bu il Azərbaycandan ötrü mühüm ildir, ölkə dövlətçiliyinin 100 illiyini qeyd edir.

«Azərbaycan dünyəvi, əhalisinin əksəriyyəti müsəlman olan bir ölkə kimi, bütün müsəlman dünyası üçün bir çox sahələrdə pioner olub. Biz bu nailiyyətləri birlikdə qeyd edəcəyik. Bu il ikitərəfli münasibətlərimiz üçün də mühüm ildir, biz yeni hərtərəfli sazişin imzalanması üzərində işləyəcəyik. Həmçinin, tezliklə Ortaq Aviasiya Məkanı haqqında qarşılıqlı səmərəli saziş imzalaya biləcəyimizə ümid edirəm. Bu saziş Azərbaycana bir çox imkanlar açacaq, turistlərin sayını artıracaq. Bu da ölkə iqtisadiyyatının şaxələndirilməsinə kömək edəcək və nəqliyyat-logistika mərkəzi olmaq təşəbbüsünü daha da gücləndirəcək», - səfir bildirib.

K.Yankauskas deyib ki, bu il yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların başa çatacağını gözləmək olar:

«Nəinki gözləmək, biz bunun baş verməsindən ötrü əlimizdən gələni etməliyik. Danışıqlarımız 2017-ci ilin fevralında, bir ilə yaxındır başlayıb. Hələlik, işlər yaxşı gedir və biz böyük irəliləyişə nail olmuşuq. Bu yeni saziş gələcək illərdə Azərbaycan və AB arasında münasibətlərdə yeni hüquqi əsas olacaq. Buna görə tələsməməliyik, amma sazişin yüksək səviyyədə olacağına zəmanət verməliyik».

Azərbaycanın Avropaya inteqrasiyasına nə mane olur?
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

«İstənilən təşkilata üzvlük öhdəliklərdən ibarətdir»

Səfir Azərbaycanın ikitərəfli münasibətlərə üstünlük verdiyini, yeni hərtərəfli sazişin əlavə olaraq münasibətlərin miqyasını və ambisiyalarını müəyyən edəcəyini qeyd edib.

O, Azərbaycanda Avropaya münasibətin müsbət mənada yüksəldiyini bildirib.

K.Yankauskas Avropa İnsan Hüquqları Məhkəməsinin REAL Hərəkatının həbsdəki lideri İlqar Məmmədovun hüquqlarının pozulduğu haqda qərar verməsinə baxmayaraq, hələ də azadlığa buraxılmaması ilə bağlı da sualı cavablandırıb.

«Avropa Şurası və Avropa Birliyi iki fərqli təşkilatdır. Amma onlar eyni dəyərləri bölüşürlər, onlar bizim üçün çox vacibdir. Bu yaxınlarda Avropa Birliyi Azərbaycana İlqar Məmmədovun işi üzrə həll yolu tapmaqda kömək etmək üçün çox şey edib və biz bu məsələ üzərində işi davam etdirəcəyik. İstənilən təşkilata üzvlük götürülən öhdəliklərin yerinə yetirilməsindən ibarətdir. Hesab edirəm ki, Avropa Şurasına üzvlük bu regionda yerləşən Azərbaycan, onun beynəlxalq mövqeyi və strateji prioritetləri üçün vacibdir», - səfir bildirib.

Xatırlatma

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrı-ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Ötən ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb. Müxtəlif sahələr üzrə əməkdaşlığın əks olunduğu bu danışıqlar hələ ki, yekunlaşmayıb. Halbuki, Ermənistan Avropa Birliyi ilə ötən ilin noyabrında tərəfdaşlıq sazişi imzaladı.

Günün bütün mövzuları

XS
SM
MD
LG