Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:31

Trump: Səfirlik Qüdsə bir ilə köçürülməyəcək


Donald Trump "Reuters"ə müsahibə zamanı, 17 yanvar, 2018-ci il
Donald Trump "Reuters"ə müsahibə zamanı, 17 yanvar, 2018-ci il

ABŞ prezidenti Donald Trump ABŞ-ın İsraildəki səfirliyinin bir il içində Qüdsə köçürüləcəyi barədə məlumatları təkzib edib. Bu haqda o, “Reuters”ə eksklüziv müsahibəsində deyib. Qeyd edək ki İsrailin baş naziri Benjamin Netanyahu səfirliyin köçürülmə zamanıyla bağlı belə bir qalmaqallı açıqlama vermişdi.

“ÜÇ İLDƏN TEZ BAŞ VERMƏYƏCƏK”

Dekabrın əvvəlində Trump Birləşmiş Ştatların onillər boyunca apardığı siyasətin əksinə gedərək Qüdsü İsrailin paytaxtı kimi tanıyıb və səfirliyin də Təl Əvivdən köçürülməsinə göstəriş verib. Bu, ərəb dünyasını və Vaşinqtonun Qərb müttəfiqlərini dilxor edib, Yaxın Şərqdə sülh cəhdlərin təhlükə yaradıb.

*** Buna da bax: Erdogan Şərqi Qüdsdə səfirlik açacağını deyir

ABŞ dövlət katibi Rex Tillerson ötən ay deyib ki, səfirliyin köçürülməsi “üç ildən tez baş verməyəcək və bunun özü ambisiyalı bir plandır”. Administrasiya rəsmiləri bu müddət ərzində səfirlik üçün təhlükəsiz yer tapılacağını, diplomatların ev məsələsinin həll olunacağını deyirlər.

Qüds müsəlman, yəhudi və xristianların müqəddəs məkanlarının yerləşdiyi şəhərdir. İsrail 1967-ci il ərəb-İsrail müharibəsi zamanı Qüdsün şərqini tutub, amma fələstinlilər də bu ərazini gələcək dövlətlərinin paytaxtı kimi görürlər. İsrailin addımı beynəlxalq miqyasda tanınmayıb.

Netanyahu-nu Hindistan səfərində müşayiət edən jurnalistlər çərşənbə günü ona istinadla yazıblar: “Mənim dəyərləndirməm belədir ki, bu iş düşündüyünüzdən tez baş verəcək – bundan sonra bir il ərzində”.

“FƏRQLİ SSENARİLƏR BARƏDƏ DANIŞIRIQ”

“Reuters” Trump-dan müsahibə zamanı Netanyahu-nun dediyinə münasibət soruşub. “İlin sonunadək? Biz fərqli ssenarilər barədə danışırıq – məncə, bu, müvəqqəti ola bilər. Bunu real olaraq gözləmirik, xeyr”, – prezident deyib.

ABŞ prezidenti səfirliyin köçürülməsi vədini seçki kampaniyası zamanı vermişdi. Müsahibəsində “bunun gözəl səfirlik olacağını, amma 1,2 milyard dollara başa gəlməyəcəyini” deyib. O, Londondakı yeni ABŞ səfirliyinin dəyərini nəzərdə tutub.

*** Buna da bax: Rusiya Qərbi Yerusəlimi İsrailin gələcək paytaxtı kimi tanıdı

Trump ötən həftə yeni diplomatik missiyanın açılışını edəcəyi Londona səfərini təxirə saldı. O, sələfi Barack Obama-nı köhnə binanı “dəyər-dəyməzinə” satmaqda suçladı.

Trump Britaniyadakı səfirliklə bağlı razılaşmanın keçmiş prezident George W. Bush-un zamanında əldə olunduğunu etiraf etsə də, Obama dönəmində tikildiyini, “büdcədən xeyli kənara çıxdığını” vurğulayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG