Ağdaş rayonunun Xosrov kənd sakini Həsənağa Söhbətovun yanvarın 15-də rayon mərkəzində üzərinə benzin tökərək intihara cəhd etdiyi deyilir.
Onun Dövlət Yol Polisi əməkdaşları ilə mübahisədən sonra özünü yandırdığı bildirilir.
Lent.az-ın məlumatına görə, Həsənağa Söhbətov 10 LS 956 dövlət nömrə nişanlı “VAZ 2105” markalı minik avtomobilini etibarnaməsiz idarə edib. Avtomobilin əvvəlki sahibinin banka 1660 manat borcu olduğundan, nəqliyyat vasitəsinin üzərinə Ağdaş Rayon Məhkəməsinin həbs qoyduğu söylənir.
Buna da bax: Köçkün Baş Prokurorluğun qəbul otağında özünü yandırmağa cəhd edib
Xəbərdə vurğulanır ki, yol polisi əməkdaşları məhkəmə qərarı əsasında maşını Ağdaş rayon polis şöbəsinə aparmaq istəyiblər. H.Söhbətovun nəqliyyat vasitəsinin əvvəlki sahibinin banka borcu olmasına görə məsuliyyət daşımadığını bildirdiyi, polis əməkdaşlarının tələbinə əməl etmədiyi qeyd edilir. Onun polislərlə mübahisədən sonra özünə od vurduğu deyilir.
Xəbərə görə, hadisə Ağdaş rayonundakı mərkəzi bazarın qarşısında baş verib. Yaxınlıqdakı vətəndaşların və polis əməkdaşlarının müdaxiləsi ilə yanğın söndürülüb, H.Söhbətov Ağdaş rayon mərkəzi xəstəxanasına aparılıb.
Buna da bax: Özünü yandıranın maşını özünə qaytarılıb
Onun baş, üz nahiyələrinin, əllərinin yandığı bildirilir.
Xəstəxanadan qeyd ediblər ki, H.Söhbətovun həyatına təhlükə yoxdur. Ancaq onun bədəninin 20 faizdən çoxu ağır dərəcədə yanıb.
Ancaq yayılan bu məlumata, Ağdaş rayon Polis Şöbəsindən münasibətini almaq cəhdləri nəticə verməyib. Baş Dövlət Yol Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Kamran Əliyev isə olayla bağlı “Bizimyol.info”ya münasibət bildirib.
O deyib ki, sürücü məsuliyyətdən yayınmaqdan ötrü heç bir sənəd göstərməyib və özünü yandırıb. Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, polis qanunsuzluğa yol verməyib.
Kamran Əliyev vurğulayıb ki, həmin sürücü narkotik maddələrlə bağlı 2 dəfə məhkumluq həyatı yaşayıb.
Mətbuat xidmətinin rəhbəri olayı sürücünün psixoloji problemləri ilə izah edib.
Bu açıqlamaya hələlik, Həsənağa Söhbətov və yaxınlarının münasibətini də almaq mümkün olmayıb.
Xatırlatma
Bir neçə gün əvvəl oxşar hadisənin Masallı rayonunda baş verdiyi açıqlanmışdı.
Yanvarın 9-da Masallı rayonu Şərəfə kənd sakini Raqif Zeynalovun rayon mərkəzində özünü yandırdığı bildirilirdi. Onu əvvəlcə rayon xəstəxanasına, ardınca Bakıda 5 saylı Klinik Xəstəxananın yanıq şöbəsinə yerləşdiriblər.
Rayon sakinləri onun da cəriməyə görə, intihara cəhd etdiyini bildirirdilər.
Rəsmi qurumlar bu olayla bağlı cinayət işi açıldığını, araşdırma getdiyini açıqlayıblar.