Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:51

Özünü yandıranın maşını özünə qaytarılıb


DİN: Özünü yandıranın 43 min cəriməsi var
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

DİN: Özünü yandıranın 43 min cəriməsi var

Avtomobili cərimə meydançasına aparıldığı üçün özünü yandıran müharibə əlili Cəmil Məmmədovun maşını oktyabrın 7-də özünə qaytarılıb. Bu haqda anası Səlimə Məmmədova AzadlıqRadiosuna deyib.

Cəmil Məmmədovun müalicə aldığı 5 saylı şəhər Klinik Xəstəxanasının yanıq şöbəsindən AzadlıqRadiosuna bildirdilər ki, pasiyentin durumu ağırdır: «Bədəni 60 faiz yanıb. Özünüz də internetdə videolarını görmüsünüz. Bədən 40 faiz yandıqda belə, xəstənin vəziyyəti ağır və təhlükəli sayılır və o, həyatını itirə bilər. Cəmil Məmmədovun bədəni isə 60 faiz yanıb».

Növbətçi həkim bildirdi ki, onlar pasiyentin yaralarının sağalmasını gözləyirlər: «Yaralar sağalacağı halda ümid yarana bilər. Hələlik, müalicə davam edir».

İndi də Cəmil Məmmədovun anası ilə söhbəti təqdim edirik:

- Səlimə xanım, Daxili İşlər Nazirliyi oğlunuzun 43 min manat cəriməsi olduğunu bildirir. Cəriməsi bu qədər çox idimi?

- Əlil maşınına nə 43 min manat? 43 min manatı olsa, gedər bir cip alar, sürər də. İndi bu uşaqdır, beyni qandır, necə olubsa, radara düşüb, nə olardı güzəştə gedəndə? İndi getmişdik, bəs nə yaxşı tez maşını çıxarıb bizə verdilər? Dedilər: «Maşını götür get, heç nə lazım deyil».

- Hara getmişdiniz?

- Özünü yandırdığı yerə getmişdik. Rəis bizi görəndə qapını bağladı girdi otağa, elə bildi, vurub edən olar. İndi onların bir nümayəndəsi gəlib xəstəxanaya. Mən dedim ki, bir konserv qutusuna görə bizdən pul istəyirdin, mənim də o boyda nər oğlanım yıxılıb yerə, gəl nə lazımdı et, qurtar balamı ölümdən. Həkimlər də deyir ki, vəziyyəti çox pisdir, hər an ölüm gözləyir. O boyda balam yıxılıb yerə... Nə vaxta qədər, hara qədər haqsızlıq olar? Olmuşdu, günahı vardı? Kontuziyalı uşaqdır, yola verərdiniz gedərdi. Niyə o həddə çatdırırdınız ki? Pul istəyiblər, deyiblər, «gətir 5 min ver». Bu da deyib ki, «özümü yandıracağam», deyiblər: «Get harada yandırırsan, yandır». O da elə həmin vaxt qoltuğundakı benzini çıxarıb üstünə töküb, özünə od vurub.

- DİN oğlunuzun avtomobili saxlandıqdan iki gün sonra özünü yandırdığını deyir.

- İki gün getdi ora-bura, maşını vermədilər. Pul istədilər, dedilər, «cəriməni silmirik». Axırda getdi Sumqayıtda QAİ-nin qabağında özünü yandırdı, axşam saat 6-da. Rəisin qapısının yanında yandırıb. Hər yeri yanıb, bir sifəti salamatdır. Sağ ayağı yoxdur. Onu dizdən aşağı mina aparıb. Bədən də bütün yanıb, boğazından dırnağının ucuna kimi sarğıdadır. Həkim də deyir ki, hələlik sizə heç nə deyə bilmirik, palatada ən ağır xəstə sizin xəstədir.

- Sizcə, oğlunuzun da günahı varmı bu durumda?

- Mən demirəm ki, oğlumun günahı yoxdur. Amma hər radara düşənin maşınını almırlar ki. Özü də əlildir. Bu maşını veriblər ki, getsin dolansın. Özünüz də bilirsiniz ki, bunlara güzəşt edirlər. Uşaqdır, cavandır, 23 yaşı var. Prezident təqaüdü alır. Gəlib səndən xahiş edib, ver maşını getsin də. Niyə o vəziyyətə çatdırırsan ki, özünü yandırır?

- Cəriməsi doğrudan da 43 min manatdırmı?

- Oradan deyirlər ki, guya 43 min manat cəriməsi var. Amma deyiblər ki, 5 min ver, cəriməni silək. Bu da deyib ki, mənim 5 min manatım haradadır, uşağım qapılardadır, evim-eşiyim yox. Əlil maşını ilə ora-bura adam aparıb ailəmi saxlayıram. Oğlum deyib ki, «5 min manatım olsa, özümə yeni maşın alaram, elə bunu da burda qoyub gedərəm».

- Cəmil qaydalara riayət edirdimi sürücü kimi?

- Axşam polis deyir ki, bu maşınları nömrəsiz işlədirlər. Ağılsız balam nömrə də alıb. Taksi kimi möhkəm sürürdü, o da o tərəf bu tərəfə gedəndə radara düşüb. Axırda maşını əlindən alıblar, özünə də deyiblər ki, bu qədər ver qaytaraq. O da özünü yandırdı. Hadisə yerində bircə polis ona kömək etməyib. Yad adamlar kömək edib, bir də dostu olub. Polislər əhatəyə alıblar ki, çəkiliş olmasın, o da yanğın söndürüləndən sonra gəliblər. Sonra da maşına qoyub xəstəxanaya göndəriblər, biri dalınca getməyib ki, görək xalqın balasının başına nə gəldi. Mənə təsir edən odur ki, uşağımı özünü yandırmağa məcbur ediblər, özləri də evlərinə gedib rahatca yatıblar.

- Bu maşın ona əlil olduğu üçün verilib?

- Hə. İşi yoxdur. Bir dənə o maşındır. Onunla «taksovatlıq» edir. Özümüz ona nə qədər kömək edirik, amma tələbatını ödəyə bilmirik. Sağ olsun hökumət, protezini dəyişirlər. Amma yenə də çatdırmaq olmur.

- Oğlunuz necə əlil olub, danışa bilərsinizmi?

- Dörd il qabaq əsgərlikdə olub. Kəşfiyyatçıydı. Kəşfiyyata getdiyi vaxt erməni postunda da minaya düşüb. Xidməti vəzifəsini yerinə yetirərkən. Bütün sənədlərində də göstərilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG