Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 06:21

Facebook xəbər lentində nəyi dəyişib


İllüstrativ foto

Facebook sosial şəbəkəsində postlar, video və fotoların paylaşımında dəyişiklik edilib. Şəbəkədən yanvarın 11-də verilən məlumata görə, 2 milyarddan çox istifadəçi artıq ilk növbədə dostları və ailə üzvlərinin paylaşdıqlarını görəcək, brend və nəşrlərin postları ikinci dərəcəli sayılır. Bu haqda “The New York Times” qəzeti yazır.

Bu dəyişiklik Facebook-un xəbər lentində son illər edilən ən böyük yenilik sayılır. Növbəti bir neçə həftə ərzində isifadəçilər media şirkətlərindən gələn video və məqalələri daha az görəcəklər. Əvəzində Facebook-da dostlarınızın postları önə çıxacaq – məsələn, itinizin fotosunu, yaxud dostlarınızın daha çox şərh yazdığı, yaxud bəyəndiklərini görəcəksiniz.

*** Buna da bax: İndi Facebook-da lap onu yaradanı da bloklamaq olar

Facebook-un rəhbəri Mark Zuckerberg qəzetə müsahibəsində deyib ki, məqsəd adamların bu sosial şəbəkədə ünsiyyətini “mənalı” etməkdir. Onun sözlərinə görə, Facebook istifadəçiləri ən çox sarsıdan, yaxud ziyan vuran postları yaxından araşdırıb. Zuckerberg deyir ki, sosial şəbəkə “passiv kontenti” azaltmağa çalışır, yəni belə video və məqalələr istifadəçilərin daha çox oturub oxuması, baxması üçündür, nəinki ünsiyyət qurması. Facebook istifadəçilərin vaxtını yaxşı keçirməsini istəyir.

Mark Zuckerberg
Mark Zuckerberg

SUALLAR

Əmin olmaq istəyirik ki, məhsullarımız əyləncə deyil, adamların yaxşılığı üçündür”, – cənab Zuckerberg deyib.

Ancaq yanvarın 11-də edilən dəyişikliklər bəzi suallar yaradır. Məsələn, istifadəçilər öz ideologiyalarını gücləndirəcək kontenti görə biləcəklərmi, yoxsa elə onlarla eyni fikirdə olan dostlarının postlarını və videolarını seyr etməli olacaqlar. Digər tərəfdən, uydurma xəbərlər də beləcə daha sürətlə yayıla biləcək – bir qohum ya dost ən çox şərh edilən, amma dəqiq olmayan xəbər linkini paylaşacaq, bu da xəbər lentinizdə ən çox görünəcək.

Di gəl, Facebook-un bu dəyişikliyi etməkdə niyyəti adamları sosial şəbəkəyə baş çəkəndən sonra mənfi deyil, müsbət enerjiylə yükləməkdir.

İstifadəçilər özlərinə yaxın şəxslərlə ünsiyyətə girirlərsə, daha mənalı vaxt keçirmiş olurlar. Bu, sağlamlığınız üçün yaxşıdır”, – Facebook-da tədqiqat direktoru David Ginsberg deyib.

Son aylar Facebook adamlara göstərdiyi kontentə, milyonlarla istifadəçiyə mənfi enerji yüklədiyinə görə tənqid olunur. ABŞ-da 2016-cı ildə prezident seçkisi kampaniyası zamanı rusiyalı agentlərin bu sosial şəbəkə vasitəsiylə amerikalı elektoratı qütbləşdirməyi hədəfləyən postlar və reklamlar yaydığı üzə çıxıb.

GÖZLƏNƏN TƏSİR

“The New York Times” Facebook-un xəbər lentinə dəyişikliklərinin təsirinin böyük olacağını yazır. Axı, bir çox nəşrlər, qeyri-hökumət təşkilatları, kiçik şirkətlər adamlarla bu sosial şəbəkə vasitəsiylə ünsiyyət qururlar. İndi postlarının prioritetinin salınması onlara ziyan vura bilər.

*** Buna da bax: Apple investorları: Uşaqların smartfonlardan asılılığı azaldılsın

Facebook-da xəbər lentinə məsul Adam Mosseri də etiraf edib ki, tərəfdaşlar və naşirlərin “narahatlığı” gözləniləndir. Onlar elə əvvəllərdə də sosial şəbəkədəki daimi dəyişikliklərdən gileylənirdilər.

Bu dəyişiklik Facebook-un özünün də biznes maraqlarının əleyhinə işləyə bilər. İndiyədək sosial şəbəkə istifadəçilərin burada çox vaxt keçirməsinə çalışırdı. İndi isə populyar kontentin miqyası azalacaq deyə, adamlar da vaxtlarını başqa cür keçirməyə başlayacaqlar.

Zuckerberg deyib ki, Facebook-un gözləntisi də elə budur, amma adamlar sosial şəbəkədən istifadədən sonra özlərini yaxşı hiss etsələr, sonucda bundan qazanacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG