Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 09:04

Trump-ın İrana sanksiyaların ertələnməsi müddətini uzatdığı bildirilir


Donald Trump

Media yazır ki, ABŞ prezidenti Donald Trump İranın dünya gücləriylə imzaladığı 2015-ci il nüvə sazişinə uyğun olaraq Tehrana sanksiyaların ertələnməsini qüvvədə saxlayıb.

Reuters, The New York Times və Bloomberg iyunun 11-də Trump-ın qəraryla tanış olmuş adamlara istinadla yazırlar ki, Ağ ev qərarı yanvarın 12-də açıqlayacaq.

Amma media onu da yazır ki, Trump İranın mərkəzi bankı və neft sənayesinə sanksiyaları ertələməklə yanaşı, bəzi yeni, hədəfli sanksiyalar da qoyub.

“The New York Times”ın yazdığına görə, Trump Konqresə və avropalı müttəfiqlərə vaxt verə bilər – ya saziş onun istədiyi kimi dəyişdirilsin, ya da Birləşmiş Ştatlar ondan çıxacaq.

Administrasiya rəsmiləri deyirlər ki, Trump sərt tənqid etdiyi sazişə uyğun olaraq sanksiyaların ertələnmə müddətini uzatmaq istəməyib. Ancaq aparıcı köməkçiləri onu sazişdən çıxmamağa çağırıblar, elə avropalı müttəfiqlər də buna görə ona təzyiq göstəriblər.

Yanvarın 11-də Fransa prezidenti Emmanuel Macron Trump-a zəng edərək nüvə sazişinə sadiq qalmağın vacibliyini vurğulayıb.

Ağ evin bildirməsinə görə, Trump Macron-a deyib ki, İran Yaxın Şərqdə sabitsizlik yaradan fəaliyyətini dayandırmalıdır.

***

Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini deyir ki, İranın dünyanın altı dövlətiylə imzaladığı nüvə sazişi işləyir. O, “bütün tərəfləri” sənədin tələblərinin yerinə yetirilməsini davam etdirməyə çağırıb.

Mogherini yanvarın 11-də danışıb. Bir gün sonra ABŞ prezidenti Donald Trump bu nüvə sazişi çərçivəsində İrana sanksiyaların dayandırılmasıyla bağlı qərarını verməlidir.

Brüsseldə İranın xarici işlər naziri Mohammad Javad Zarif-lə görüşdən sonra Mogherini deyib ki, nüvə sazişi İranın nüvə silahları hazırlamasının əngəllənməsini hədəfləyən “əsas məqsədini yerinə yetirir”.

Federica Mogherini
Federica Mogherini

Fransanın xarici işlər naziri Yves Le Drian Brüssel görüşündən sonra bildirib ki, “bütün tərəflərin sazişin icrasını davam etdirməsi vacibdir”. O, Birləşmiş Ştatları da sənədə sayqı göstərməyə çağırıb.

Bu gün İranın sənədə sayqısını şübhə altına almağa heç bir əlamət yoxdur”, – Le Drian söyləyib.

“The Associated Press” agentliyi ABŞ rəsmilərinə istinadla yazır ki, Trump-ın sazişə uyğun olaraq, sanksiyaların ertələnməsini qüvvədə saxlayacağı görünür.

Amma onların deməsinə görə, Trump bu qərarla yanaşı İranın uzaqmənzilli ballistik raketlər hazırlanması proqramıyla əlaqədar ölkə şirkətlərinə və fərdlərə yeni sanksiyalar qoya bilər.

***

Yanvarın 11-də Avropa Birliyi və İranın xarici işlər nazirlərinin görüşündə 2015-ci il nüvə sazişinə dəstək sərgilənəcək. Bu arada Ağ ev də sazişlə bağlı qərarnı açıqlamalıdır.

Brüsseldəki görüşə AB-nin baş diplomatı Federica Mogherini ev sahibliyi edəcək. İranın dünya gücləriylə nüvə sazişi imzalamasına yardım göstərmiş Avropa ölkələri sənədə sadiq qaldıqlarını dilə gətirəcəklər. Bunu avropalı diplomatlar deyib.

“Reuters” avropalı diplomatik mənbəyə istinadla yazır ki, “məqsəd Vaşinqtona İranın sazişə əməl etməsi, Tehranın təcridindənsə, bu sazişi qüvvədə saxlamağın daha yaxşı olması mesajını verməkdir”.

*** Buna da bax: Ağ Ev və Konqres İran nüvə sazişi qanununa dəyişikliyi müzakirə edirlər

Agentlik başqa bir diplomatdan sitat gətirir ki, “görüşün tarixi təsadüfən seçilməyib”. Belə ki, bir gün sonra ABŞ prezidenti Donald Trump da sazişlə bağlı qərarını verməlidir.

“MÜDDƏT UZADILSIN”

Donald Trump-ın ətrafındakılar onu çağırırlar ki, İranın iqtisadi sanksiyalardan azad olunmasının müddəti uzadılsın, amma prezident buna könülsüz yanaşır və hələlik, qərar verməyib. Bu barədə ABŞ mediası yazıb.

Associated Press və Reuters agentlikləri yanvarın 10-da ABŞ rəsmiləri və administrasiya siyasətiylə tanış digərlərinə istinadla yazıblar ki, Trump yanvarın 11-də əsas müşavirləri ilə görüşüb qərarını yekunlaşdıracaq və bu qərar yanvarın 12-də açıqlanacaq.

Məlumatlara görə, dövlət katibi Rex Tillerson, müdafiə naziri James Mattis və milli təhlükəsizlik müşaviri H.R. McMaster Trump-a təzyiq göstərirlər ki, Tehranı sanksiyalardan azad edən sənədi imzalasın. İranın 2015-ci ildə dünya gücləri imzaladığı nüvə sazişi Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.

Yanvarın 12-də Trump həm də İranın nüvə sazişinə necə əməl etməsinə zəmanət verməlidir. Prezident bu sazişin sərt tənqidçisidir və oktyabrda zəmanəti verməkdən imtina etdi.

Ancaq indilik, o, Birləşmiş Ştatların nüvə sazişindən çıxmasıyla bağlı addım atmayıb.

İRAN DA XƏBƏRDARLIQ EDİB

İran yanvarın 10-da xəbərdarlıq edib ki, Birləşmiş Ştatlar sazişdən çıxarsa, o da çıxacaq.

“Amerikalılar razılaşmadan çıxarlarsa, buna dərhal reaksiya verəcəyik”, – prezident Hassan Rohani-nin müşaviri Majid Tacht Rawanchi IRNA dövlət xəbər agentliyinə deyib.

*** Buna da bax: ABŞ İrandan bütün siyasi məhbusların dərhal azad olunmasını tələb edib

Sazişə imza atmış Britaniya, Çin, Almaniya, Fransa, Rusiya və AB sənədi dəstəkləməkdədir.

Yanvarın 10-da Moskvada iranlı həmkarı Javad Zarif-lə görüşmüş Rusiyanın xarici işlər naziri Sergei Lavrov Moskvanın nüvə sazişini dəstəkləyəcəyini vəd edib, razılaşmanı “regional sabitlik və nüvə silahlarının yayılmamasına əsas töhfə” adlandırıb.

Mənbələrin deməsinə görə, köməkçiləri Trump-ın sanksiyalarla bağlı könülsüzlüyünü önləməkdən ötrü prezidentə təklif edirlər ki, ballistik raket və nüvə proqramlarına bağlı İran şirkətlərinə və fərdlərə yeni sanksiyalar qoysun.

Hələlik, Ağ evdən və Dövlət Departamentindən açıqlama almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG