Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:02

‘Azəriqaz’: Yanvar göstəricisi ilə dekabr ayına sıfırlanan sayğaclar...


"Azəriqaz"ın sayğac qəbzi. Yanvarda götürülən göstərici ilə dekabr ayına sıfırlanan hesab.
"Azəriqaz"ın sayğac qəbzi. Yanvarda götürülən göstərici ilə dekabr ayına sıfırlanan hesab.

“İndi mənə “Azəriqaz”dan çek gəlib. Bugünkü göstəricini dekabrın 31-i kimi ‘oformit’ edib, bu ilin 8 gününün sərfiyyatını 20 qəpikdən hesablayıblar”, – Şəkidə yaşayan, adının çəkilməsini istəməyən bir izləyicimiz AzadlıqRadiosu-na belə deyir.

Müstəcəb Məmmədov isə Facebook sosial şəbəkəsində yazır ki, yanvarın 5-də evinə gəlib qəbz yazsalar da, sənəddə dekabrın 29-u göstərilib: “5 günün qaz sərfiyyatı 20 qəpikdən hesablanıb. Astara qaz idarəsində oldum, Lənkərana tabedir. Belə başa düşdüm ki, mərkəzdən belə tapşırıq verilib. Ölkə üzrə hesablayanda milyonlarla manat pul edir”.

O daha sonra yazır ki, bütün pensiyalar qaza və işığa gedir, “durub 7 manata görə məhkəməyə necə gedim?”

Buna da bax: Məmur və ailəsinin ölümünə görə 'Azəriqaz'a 1 milyon 200 minlik cəza

Sosial şəbəkələrdə buna bənzər şikayətlər çoxdur. Şəmkirin Qaracəmirli kəndinin sakini Azər Quliyev də eyni aqibətlə üzləşdiyini bildirir. Ona da dekabrın son günlərində işlətmədiyi qaza görə, əlavə 42 manat 60 qəpik yazıblar.

“XƏBƏRDARLIQ ETMİŞDİM”

Eyni aqibətlə Akif Quliyev də üzləşib. “Yanvarın 8-də abonentin evinə gəlib, bildirişi 21.12.2017 tarixlə veriblər. Akif bəydən 22 manat apardılar”, – bu haqda “Facebook”da Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı yazıb.

Buna da bax: Dəm qazından zəhərlənmələrlə bağlı 'Azəriqaz'ın öz versiyası var [video]

Tarif şurasının ötən ilki qərarına əsasən, qaz abunəçiləri üçün 1700 kubmetrlik illik limit müəyyən edilib. Həmin həcmdə qaza görə abunəçi 10 qəpik ödəməlidir, limiti ötəndəsə qazın hər kubmetrini ikiqat - 20 qəpikdən ödəməlidir.

Mirvari Qəhrəmanlı hələ bir neçə gün öncə adını çəkmədiyi, SOCAR-dakı mənbələrinə istinadla sosial şəbəkə vasitəsilə əhaliyə xəbərdarlıq etmişdi, yanvarın ilk günlərində işlədəcəkləri qazın dekabra yazılaraq ikiqat hesab ödəyə biləcəklərini yazmışdı. O, yanvarın 8-də AzadlıqRadiosu-na deyir:

Buna da bax: İşıqpulu-qazpulu borcuna görə kimlər həbs olunacaq... [şərhlər]

“Ölkədə təxminən 2 milyon qaz abonenti var. Bunların da təqribən 60 faizi rayonlardadır. Rayonlarda qaz sərfiyyatını mexaniki sayğaclarla ölçürlər. Dekabrın 20-də mənə zəng vurdular ki, maxinasiyalara hazırlaşırlar, sayğacların beyinlərində dəyişiklik edəcəklər, yəni qaz sərfiyyatı ilə bağlı göstəriciləri ayın neçəsində vururlar-vursunlar yenə də dekabra çıxacaq. Yəni “Azəriqaz”ın fikri budur ki, yanvarın 10-dək qaz sərfiyyatı ilə bağlı planı bağlamasınlar. Çünki həddən artıq itki var. Mən xəbərdarlıq etdim. “Facebook” səhifəmdə nə qədər müraciətlər gəlib, özümə zənglər gəlib. Artıq yanvarın 5, 6, 7, 8-ndə əhaliyə bildirişlər verilib və əhaliyə sərfiyyat ikiqat ödətdirilir. Məsələn, Akif müəllim yazıb ki, bu gün ondan 24 manat oğurlayıblar”.

"Azəriqaz"ın yanvarın əvvəlində gəlmiş başqa bir sayğac qəbzi. Burada da hesab yanvarda götürülən göstərici ilə dekabr ayına sıfırlanıb.
"Azəriqaz"ın yanvarın əvvəlində gəlmiş başqa bir sayğac qəbzi. Burada da hesab yanvarda götürülən göstərici ilə dekabr ayına sıfırlanıb.

Mirvari Qəhrəmanlının xəbərdarlığından sonra “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev mətbuata demişdi ki, əhalinin ötən ilki qaz sərfiyyatı dekabrın son günlərində hesablanaraq sayğaclar “sıfırlanacaq”. Amma durumun fərqli olduğu bildirilir.

Buna da bax: Havalar soyudu, sərfiyyat artdı, qaz yoxa çıxdı...

“SƏRFİYYATIN GÖTÜRÜLMƏSİ YEKUNLAŞIB”

İbrahim Kərbalayev AzadlıqRadiosu-na əhalidən gələn şikayətləri təkzib edir:

“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev
“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev

– Ötən il də yanvarın ilk həftəsində hesablamalar aparılaraq ilə yekun vurulmuşdu. Bu il də yanvarın ilk həftəsində hesablamalar aparılır, mexaniki qaz sayğaclarının göstəriciləri götürülür. Onu da qeyd edim ki, mexaniki sayğaclar üzərində göstəricilər görünür və göstəricidən artıq və ya əskik nəsə yazılması tərəfimizdən qeydə alınmayıb.

– Niyə sıfırlanma əməliyyatı yanvara saxlanıb?

– Dekabrın son, yanvarın ilk günləri bayram olduğundan əməkdaşlarımız yanvarın 4 və 5-də işləyiblər, artıq bu gün yanvarın 8-də hesabatımız yekunlaşdırılıb. Onu da deyim ki, limit illik verilir, ay və ya günlük verilmir. İl ərzində istifadə edilən 1700 kubmetr qaz 10 qəpikdən hesablanır, onu keçdikdə 20 qəpikdən. Elektron sayğaclara gəldikdə, 1700 kubmetrlik limit 2018-ci ilin yanvarın 1-dən başlanır. “Smartkart”a aparılan ilk ödəniş isə əməliyyatın aparıldığı gündən etibarən hesablanır. Yəni bəzi istehlakçılarımız var ki, “Smartkart”a ödənişləri dekabrın sonlarından ediblər və bu gün – yanvarın 8-də sayğaca yüklədikləri halda belə 20 qəpik tarifiylə oturur. Amma onu da deyim ki, biz əvvəldən demişik ki, yanvarın 1-dən etibarən “Smartkart”a aparılan ilk ödənişdən 1700 kubmetrlik limit təmin edilir.–

– Şəkidən bir nəfər müraciət edib ki, “bugünkü göstəricini dekabrın 31-i kimi sənədləşdirib, bu ilin 8 gününün sərfiyyatını 20 qəpikdən hesablayıblar”.

– Sərfiyyatın götürülməsi yekunlaşdırılıb. Sayğaclardan göstəricilərinin götürülməsinə, bildirişlərin paylanılmasına dekabrın sonlarından başlanılıb. Sadəcə, bayram günlərinə düşdüyündən indi həmin bildirişlərin paylanması təmin edilib.

Buna da bax: 'Neft-qaz ölkəsində qazsız qalmışıq'

– Amma abonent elə demir. O deyir ki, bugünkü göstəricilər dekabra yazılıb.

– Kimsə hər hansı problem yaşayırsa, Şəkinin yerli xidmət idarəsinə və ya Zaqataladakı regional idarəmizə yazılı müraciət etsin və cavabını alsın.

– Yəni sizcə, yerlərdə problemi bir müraciətlə həll etmək olacaq?

– Mən bunu problem saymıram. İzah etdim. Problem varsa, yerli xidmət idarəsinə müraciət etsin, məsələn, sayğacın göstəricisi düzgün götürülməyibsə, rəqəmlərdə səhv varsa, müraciət etsinlər.

– Sosial şəbəkələrdə mexaniki sayğacların beynində dəyişiklik aparılacağı və abonentlərin ikiqat ödəməli olacaqları barədə bir xəbərdarlıq, belə bir iddia yayılmışdı. Deyəsən…

Buna da bax: Palata ‘Azəriqaz’da pozuntular aşkarladığını deyir

– Sayğacların beynində dəyişiklik aparılmayıb. Burda gizli mexanizm, iş prinsipi yoxdur. Göstəricini abunəçi də görür, nəzarətçi də. Sayğac göstəricisi çıxarılır və abunəçiyə təqdim edilir.

– Hər iki tərəf göstəricini görürsə, niyə şikayətlər var?

– Kimdəsə sayğac göstəricisinə dair şübhə varsa, yerli xidmət idarəsinə müraciət etsin, məsələ araşdırılsın.

Mirvari Qəhrəmanlı isə “Bu korrupsiyadır” deyir. “Vəzifə səlahiyyətini aşmaqdır, öz vəziyyətini yaxşılaşdırmaqdır. Məqsəd qaz itkisini xalqın hesabına kompensasiya etməkdir. Bir nəfər yazır ki, şikayət edəndə barmaqla yuxarını göstərirlər. O barmaq haracan çatır görəsən?” – deyə hüquq müdafiəçisi sual edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG