Keçid linkləri

2018, 24 Yanvar, çərşənbə, Bakı vaxtı 02:19

Yalan bomba xəbəri verməkdə günahlandırılanlar saxlanıb


Arxiv fotosu

Yeni ilin ilk günlərində paytaxtın müxtəlif məkanlarına bomba qoyulması barədə yalan xəbərlər verdikləri iddia olunan şəxslərin saxlandığı bildirilir.

Bu haqda Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatında qeyd edilir.

Məlumata görə, DİN-in “102” Xidmətinə və ərazi polis orqanına göstərilən məzmunda iki məlumat daxil olub.

“Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bilərəkdən yalan məlumatlar verən şəxslər “isti izlər”lə müəyyən edilərək məsuliyyətə cəlb edilib”, – məlumatda vurğulanır.

Buna da bax: Agentlərə verilməsi adı ilə pullar...

Nazirlik bildirir ki, yanvarın 2-də saat 21:40 radələrində naməlum şəxs Səbail rayonu ərazisindəki mehmanxanalardan birinə bomba qoyulması barədə məlumat verib. Lakin məlumat təsdiqini tapmayıb. Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə bomba qoyulması barədə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini Elmar Qasımovun saxlandığı açıqlanıb.

Digər yalançı məlumatın isə yanvarın 3-də DİN-in «102» Xidmətinə daxil olduğu deyilir:

“Həmin vaxt zəng edən naməlum şəxs Nizami rayonu ərazisində yerləşən anbara bomba qoyulması barədə xəbər verib”

Həmin məlumatın da yalan çıxdığı bildirilir.

Polis yalan xəbəri 61 yaşlı Bakı sakini Həsən İsmayılovun verdiyini iddia edir. Həmin şəxs də saxlanıb.

DİN hər iki faktla bağlı Cinayət Məcəlləsinin 216-cı maddəsi (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işi başlanıldığını bildirir.

Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirinin seçildiyi qeyd edilir.

DİN-in məlumatında adı keçən şəxslərin və ya onların vəkillərinin mövqeyini öyrənmək, hələlik, mümkün olmayıb. Onların ittihamı qəbul edib-etmədiyi açıqlanmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG