Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 06:57

Taleh Bağırov ifadə verməkdən imtina edib


Taleh Bağırov

«Müsəlman Birliyi» Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırov haqqında açılan yeni cinayət işi üzrə ifadə verməkdən imtina edib. Bu haqda AzadlıqRadiosuna ilahiyyatçının vəkili Cavad Cavadov məlumat verib.

Vəkil bildirib ki, dekabrın 27-də Qobustan həbsxanasında Taleh Bağırova müdafiəçisinin iştirakı ilə Cinayət Məcəlləsinin 317-2.1 (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsi ilə ittiham elan olunub. Bu işin istintaqını Ədliyyə Nazirliyinin İstintaq İdarəsi aparıb.

İttihama görə, 31 iyul 2017-ci ildə ilahiyyatçının üzərindən yeddi ədəd «microSD» tipli yaddaş kartları aşkar edilib. Keçirilmiş ekspertizalar həmin kartlarda «Qurani Kərim», Quran təsviri və başqa məlumatların olması haqda rəy verib.

«Həmin kartlarda qadağan olunmuş hər hansı məlumatlar olmayıb. Taleh Bağırov özünü təqsirli bilmədi və ifadə verməkdən imtina etdi. Dedi ki, ifadəni məhkəmədə verəcək», - vəkil bildirib.

C.Cavadovun sözlərinə görə, yeni cinayət işinin istintaqı tamamlanıb, iş materialları ilə tanışlıq mərhələsidir.

Xatırlatma

T.Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda həbs olunub. İkisi polis olmaqla, altı nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində ilahiyyatçı ilə yanaşı, daha 16 nəfər saxlanılıb.

Nardaranda və ondan öncə ilahiyyatçı Elçin Qasımovun həbsinə görə Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Ağır maddələrlə təqsirləndirilənlərin işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. T.Bağırov və daha 17 nəfərin işinə birlikdə baxılıb. T.Bağırov, Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19 il, digərlərinə isə 10 ildən 17 ilədək həbs cəzası verilib.

12 nəfərdən ibarət daha bir qrupun, o cümlədən ilahiyyatçılar Zülfüqar Mikayılov və Elman Ağayevin məhkəməsi bir müddət öncə yekunlaşıb. Onlara 13 ildən 16 ilədək həbs cəzası verilib. E.Qasımov və daha 11 nəfərin məhkəməsində isə dekabrın 28-də hökm oxunacaq.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG