Keçid linkləri

Təcili xəbərlər
2023, 22 Mart, çərşənbə, Bakı vaxtı 19:36

Suriyanın üsyançı qrupları Rusiyanın sülh danışıqlarını rədd edirlər


Suriyada Milad bayramı

Suriyanın üsyançı və müxalifət qrupları Rusiyanın gələn aya təklif etdiyi sülh danışıqlarını rədd ediblər. Onlar Moskvanı Suriyada “hərbi cinayətlər”də, altıillik vətəndaş müharibəsini bitirməkdən ötrü Suriya hökumətinə təzyiq göstərə bilməməkdə suçlayıblar.

40 üsyançı qrup, eləcə də siyasi müxalifət dekabrın 26-da verdikləri bəyanatlarda bildiriblər ki, gələn aya planlaşdırılan danışıqlar BMT-nin sülh prosesini pozmaq niyyəti güdür. Əslində, 2014-cü ildən başlanmış BMT prosesində də irəliləyiş əldə olunmayıb.

*** Buna da bax: Rusiya Suriyada daimi bazalar yaradır​

“RUSİYANIN İŞĞALÇI OLDUĞUNU TƏSDİQLƏYİRİK”

Üsyançı qrupların bildirməsinə görə, Moskva onlardan Suriya prezidenti Bashar al-Assad-ın istefası tələbindən əl çəkmələrini istəyib. 2015-ci ildən Rusiya Assad-ın əsgərlərini hava zərbələriylə dəstəkləyib.

Bunu rədd edirik, Rusiyanın suriyalılara qarşı hərbi cinayətlər törətmiş işğalçı olduğunu təsdiqləyirik”, – 40 üsyançı qrupun imzaladığı bəyanatda deyilir.

Ahrar al-Sham, İslam Ordusu və Qərbin dəstəklədiyi bir sıra qrupların daxil olduğu üsyançılar BMT-nin sülh prosesinə sadiqliklərinə dilə gətiriblər.

2011-ci ilin martında Suriyada münaqişə başlanandan 330 mindən çox adam ölüb, milyonlarla insan evindən didərgin düşüb.

Kreml bildirib ki, yanvarın 29-30-da Soçidə “Suriya milli dialoq qurultayı”na ev sahibliyi edəcək. Bu tədbirin atəşkəs razılaşmalarının hazırlanmasından ötrü “texniki” danışıqların genişlənməsini də hədəflədiyi bildirilib. Atəşkəslə bağlı Rusiya, İran və Türkiyə bu il Qazaxıstanın paytaxtı Astanada danışıqlar təşkil edib.

Suriya hökuməti foruma qatılacağını açıqlayıb. Assad bu yaxınlarda jurnalistlərə deyib ki, Soçi danışıqlarında yeni seçkilərin və konstitusiyaya mümkün dəyişikliklərin müzakirəsi nəzərdə tutulur.

*** Buna da bax: Əsədlə vuruşanlar

SOÇİ PLANINA TƏHLÜKƏ

Rusiyanın təklifini İranla Türkiyə də dəstəkləyib. İran Assad hökumətini, Türkiyə isə bir sıra üsyançı qrupları dəstəkləyir.

Ancaq Soçi forumunun əsas üsyançı və müxalifət qrupları tərəfindən rədd olunması Rusiyanın planına təhlükə yaratmış olur.

Soçi planına bir təhlükə də danışıqlara Suriyanın kürd qruplarını salıb-salmamaqla bağlı narazılıqdır. Türkiyə Suriya ərazisinin 25 faizinə nəzarət edən nüfuzlu PYD kürd qruplaşmasının Soçiyə dəvət olunmasına qarşı çıxır. PYD Suriyada muxtariyyət istəyir və Ankara onun Türkiyədəki kürd separatçı qrupların mövqeyini gücləndirdiyini düşünür.

*** Buna da bax: Moskva və Ankara Soçi konfransında kürd təmsilçiliyi məsələsində razılığa gəliblər

Rusiya ötən həftə danışıqlara kürd təmsilçilərin qatılacağını, ancaq PYD-nin dəvət olunmayacağını bildirib. Amma Suriyanın şimal-şərqindəki PYD özünütənzimləmə hakimiyyəti bəyan edib ki, Soçi danışıqlarında fərdi tərəflər deyil, hakimiyyət təmsil olunmalıdır.

PYD ABŞ-ın dəstəklədiyi kürd yaraqlılarının siyasi qanadıdır, kürdlər regionda İslam Dövləti ekstremist qruplaşmasının məğlub edilməsində böyük rol oynayıblar.

XS
SM
MD
LG