Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 07:59

Moskva və Ankara Soçi konfransında kürd təmsilçiliyi məsələsində razılığa gəliblər


Rusiya prezidentinin xüsusi elçisi Aleksandr Lavrentyev Astana danışıqlarında (Foto arxivdəndir)
Rusiya prezidentinin xüsusi elçisi Aleksandr Lavrentyev Astana danışıqlarında (Foto arxivdəndir)

Suriya danışıqlarında Rusiya prezidentinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib ki, Suriya kürdlərinin Demokratik İttifaq (PYD) partiyasının üzvləri Soçidə keçiriləcək “Suriya Milli Dialoqu” adlı konfransa dəvət edilməyəcəklər.

Bundan əvvəl Türkiyə mediası Ankaranın ABŞ-ın himayəsi altında olan Suriya Demokratik Qüvvələri (SDQ) nümayəndələrinin bu forumda iştirakına qəti etiraz etdiyini yazırdı. SDQ qüvvələrinin əsasını PYD-nin silahlı qolu olan YPG birləşmələri təşkil edir.

Rusiya televiziyasına müsahibəsində Lavrentyev deyib ki, Soçi konfarnsı iştirakçılarının siyahısı Suriya üzrə Astana prosesinin qarantı olan üç ölkə - Rusiya, İran və Türkiyə tərəfindən razılaşdırılıb.

Rusiya diplomatı bildirib ki, Türkiyə üçün PYD-nin iştirakı “qırmızı xətdir”, çünki Ankara PKK kimi Suriya kürdlərinin PYD təşkilatını da terrorçu qruplaşma hesab edir.

Onun sözlərinə görə Soçi konfransında kürdləri partiyasız və ya bitərəf nümayəndələr təmsil edəcəklər.

İngilisdilli Daily Sabah saytı yazır ki, Türkiyə tərəfi Soçi konfransında 23 kürd nümayəndənin iştirakını qəbul edib. Onlardan heç biri Suriya kürdlərinin PYD partiyasını təmsil etmir. Daily Sabah yazır ki, bundan əvvəlki konfrans cəhdləri məhz bu qruplaşmanın iştirakı ətrafında mübahisələrə görə baş tutumayıb.

Lakin bəzi müşahidəçilər Suriya kürdlərinin PYD qruplaşması olmadan da Türkiyənin Rusiya və İranla birlikdə Astana prosesində problemsiz iştirakı davam etdiricəyinə şübhə edirlər.

Suriya kürdlərinin Kurdistan 24 saytının Reuters-ə istinadən yazdığına görə Suriyanın BMT-dəki səfiri Bəşər əl-Cəfəri deyib ki, Suriya hökuməti ABŞ və Türkiyə qoşunlarının ölkə ərazisini “dərhal və qeyd-şərtsiz” tərk etməsini tələb edəcək.

Saytın yazdığına görə Cəfəri bu bəyanatı Suriya nümayəndə heyətinin rəhbəri kimi Astana danışıqlarına yollanmazdan əvvəl, dekabrın 22-də verib.

Lavrentyev bunu da əlavə edib ki, Putin “Suriya Dialoqu Konfransını” yalnız bircə dəfə keçiriləcək tədbir hesab eləmir və növbəti tədbirlər Soçi yox, başqa şəhərlərdə də keçirilə bilər.

Rusiya habelə BMT-nin bu tədbirdə iştirakını istəyir.

Lavrentyev bildirib ki, əslində Soçi konfransı BMT-nin egidası altında aparılan Cenevrə danışıqlarını canlandırmaq məqsədi güdür.

Rusiya səfiri bunu da vurğulayıb ki, Astana prosesində yalnız müşahidəçi kimi iştirak etməsinə baxmayaraq Birləşmiş Ştatlar Suriya sülh prosesinin qarantlarından biri kimi çıxış edə bilər.

Suriyaya dair Astana sülh prosesinə 2016-cı ilin sonundan başlanıb və 2017-ci ildə bu danışıqların 8 dövrəsi keçirilib.

Suriya milli dialoqu Soçidə yanvarın 29-30-da keçirilməlidir. Bu forumda 1500 nümayəndənin iştirakı gözlənilir.

XS
SM
MD
LG