«Bu gün hələ 343 min məcburi köçkün ağır şəraitdə yaşayır, onların da yeni mənzillərə köçürülməsinə ehtiyac var».
Bunu APA-ya müsahibəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib:
«Həmin məcburi köçkünlərin bir hissəsi Bakı, Sumqayıt və Gəncə şəhərlərində qəzalı vəziyyətdə olan binalarda yaşayır. Ona görə də Birinci vitse-prezident Mehriban Əliyeva ilk olaraq qəzalı binalardakı məcburi köçkünlərin köçürülməsindən başladı».
***Buna da bax-Əli Həsənov: '2020-ci ildə Azərbaycanda yoxsul qalmayacaq'
Ə.Həsənov Bakıda 11 min məcburi köçkün ailəsinin 117 qəzalı binada yaşadığını deyib. Komitə sədri əlavə edib ki, Fövqəladə Hallar Nazirliyi 4 min ailənin yaşadığı belə binalarda yaşamağın mümkün olmadığına dair rəy verib:
«Bu 4 minin köçürülməsindən sonra digər 7 min ailənin də köçürülməsi prosesinə başlanacaq».
Ə.Həsənov deyib ki, 343 min məcburi köçkünün mənzillə təmin olunmasından ötrü prezident Dövlət Neft Fondundan bu məqsədlə ayrılan vəsaitin həcmini artırıb:
«Gələn il üçün 200 milyon manata qaldırılıb. Bakı ətrafında da, rayonlarda da yeni qəsəbələr tikiləcək».
Xatırlatma
İndiyə qədər qaçqın və məcburi köçkünlərə 97 qəsəbə tikilib. Bu qəsəbələrə 53 min ailənin köçürüldüyü bildirilir.
***Buna da bax-Köçkünlər yolu bağlayıb
Dünən, dekabrın 25-də Bakıda məskunlaşan bir qrup köçkün etiraz aksiyası keçirmişdi. Onlar iddia edirdilər ki, yeni salınan qəsəbələrdə mənzil bölgüsü obyektiv aparılmır. Rüşvət hallarına yol verilir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi isə köçkünlərə mənzillərin satılması ilə bağlı iddiaları qəbul etmirlər. Ə.Həsənov müsahibəsində deyib ki, bu sahədə dələduzluq var. Ancaq o vurğulayıb ki, dələduzların ifşa olunmasına ilk növbədə onlar çalışırlar.
Rəsmilər ölkədə ümumilikdə 1 milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu bildirirlər.