Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas deyir ki, fələstinlilər daha Birləşmiş Ştatların irəli sürdüyü sülh planını qəbul etməyəcəklər.
Abbas dekabrın 22-də Parisdə danışıb. Onun çıxışından bir gün öncə BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarını rədd edən qətnamə qəbul edib.
“Birləşmiş Ştatlar sülh prosesində qeyri-səmimi vasitəçi olduğunu sübut etdi və biz bir daha ABŞ-dan gələn planı qəbul etməyəcəyik”, – Abbas Fransa prezidenti Emmanuel Macron-la görüşdən sonra deyib.
ABŞ prezidenti Donald Trump dekabrın 6-da Birləşmiş Ştatların Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarını elan edib. O, ABŞ səfirliyinin də Təl Əvivdən Qüdsə köçürüləciyini bildirib.
Trump-ın addımı beynəlxalq miqyasda pislənib, müsəlman dünyasında etirazlara səbəb olub.