Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:40

Mühacir ona görə qardaşının həbs edildiyini bildirir


Polis

«Uşaq evlərinə qayğı» İctimai Birliyinin mühacirətdə olan rəhbəri Sahib Teymurovun qardaşının Azərbaycanda həbs edildiyi bildirilir. Onun qanunsuz narkotik dövriyyəsində ittiham olunduğu deyilir.

Bu haqda S.Teymurov özü bildirib. Onun deməsinə görə, hələ dekabrın 7-də heç bir səbəb olmadan qardaşı Tahir Teymurov həyat yoldaşı, qızı və oğlu ilə birlikdə Bərdə Rayon Polis Şöbəsinə aparılıb:

«Onlara məndən imtina etmələri üçün təzyiq göstərilib. Bundan sonra qardaşım uşaqları sosial şəbəkələrdəki paylaşımlarıma şərhlərdə mənim vətən xaini olduğumu, mənə nifrət etdiklərini yazıblar».

S.Teymurovun deməsinə görə, qardaşı T.Teymurov dekabrın 8-də yenidən polisə çağırılıb və dekabrın 21-nə qədər ondan xəbər olmayıb.

«Uşaq evlərinə qayğı» İctimai Birliyinin rəhbərinin bildirməsinə görə, bu gün, dekabrın 21-də məlum olub ki, onun maşınında 0.5 qr. heroin «tapılıb» və narkotik yaymaq ittihamı ilə həbs edilib.

Məhbusun Gəncə istintaq təcridxanasına aparıldığı bildirilir. Onun hüquqlarını dövlətin təyin etdiyi vəkilin müdafiə etdiyi vurğulanır.

S.Teymurov bildirib ki, qardaşının həbsində Azərbaycan hökuməti günahkardır. S.Teymurovun deməsinə görə, ona Facebook-da tənqidi statuslar yazmağa son qoymasından ötrü təzyiq göstərilir. Amma S.Teymurov fəaliyyətini dayandırmayacağını bildirib.

Bu deyilənlərlə bağlı Bərdə Rayon Polis Şöbəsindən və digər rəsmi qurumlardan hələlik bilgi almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG