Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:57

Fərman Ceyranlının məhkəməsində şahidlər dindirilib


Fərman Ceyranlı

Gürcüstanda Azərbaycandan getmiş cərrah, «Lancet» klinikasının həmtəsisçisi Fərman Ceyranlının işi üzrə məhkəmə prosesi davam edir. Tbilisi Şəhər Məhkəməsində son iki gündə, dekabrın 19-u və 20-də ittiham tərəfinin şahidlərinin ifadələri dinlənilib.

Bu haqda AzadlıqRadiosuna cərrahın qızı Lalə Hüseynli məlumat verib. Onun bildirdiyinə görə, məhkəmədə F.Ceyranlının əleyhinə bir elə ifadə verən olmayıb.

«Çünki işin materiallarına görə də, onun əleyhinə olan nüanslar mövcud deyil», - deyən L.Hüseynli cinayət işi üzrə məsuliyyətin F.Ceyranlı ilə əlaqəli olmadığını ifadə edib.

L.Hüseynli F.Ceyranlı barəsində seçilmiş həbs tədbirinin dəyişdirilməsindən ötrü yenidən gərəkli hüquqi addımların atıldığını bildirib.

«Bundan əvvəl də F.Ceyranlının girov əvəzində azadlığa buraxılması üçün vəkillərin müraciətləri olmuşdu. Ancaq həmin müraciətlər təmin olunmadı. Məhkəmə hesab etdi ki, atam hələ məhkəmədə ifadə verməmiş şahidlərə təzyiq edə bilər», - L.Hüseynli bildirib. Onun sözlərinə görə, şahidlərin dindirilməsi prosesi yekunlaşdığından, vəkillər yenidən F.Ceyranlının girov əvəzində azadlığa buraxılmasından ötrü müraciət edib. Həmin vəsatətə növbəti prosesdə baxılacaq.

F.Ceyranlının məhkəmə prosesi dekabrın 26-da davam etdiriləcək.

Xatırlatma

Əslən Gürcüstandan olan F.Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, orada təhsil alıb və işləyib.

1993-cü ildən Azərbaycan Səhiyyə Nazirliyində Elm İdarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. Eyni zamanda, Səhiyyə Nazirliyinin baş cərrahı olub.

O, bir neçə il əvvəl Gürcüstana gedərək «Lancet» klinikasının yaradıcılarından biri olub və bu il mayın 22-də həbs edilib. F.Ceyranlı Gürcüstan CM-nin 180 və 247-ci maddələri ilə ittiham olunur. Cərrah dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə təqsirləndirilir. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat edən bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.

Müdafiə tərəfi bildirir ki, F.Ceyranlı «Lancet» klinikasının həmtəsisçisidir və ittiham üzrə məsuliyyət daşımır.

Ötən ayın sonunda cərrahın hüquqlarını müdafiə edən vəkillər F.Ceyranlının həbsi ilə bağlı bəyanat da yaymışdılar. Həmin bəyanatda vurğulanırdı ki, F.Ceyranlı siyasi sifarişlə həbs olunub. Səbəb isə onun Azərbaycandakı bir sıra müxalifətçilərin Tbilisidəki «Lancet»də müayinə və müalicəsinə şərait yaratması göstərilirdi.

Son illər Azərbaycandan Gürcüstana gedən fəalların həmin ölkədə rəsmi Bakının sifarişi ilə təqib edildiyi bildirilir. Hər iki ölkənin hüquq-mühafizə orqanları isə belə iddiaları təkzib edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG