Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 17:56

Dünya zənginləri daha da varlanır, kasıblarsa...


Dünya zənginləri, arxiv fotosu

1980-ci ildən bəri dünya əhalisinin ən zəngin 0,1 faizinin cəmi sərvət artımı ən yoxsul 50 faizin var-dövlətinə bərabər səviyyədə olub. Həmin 50 faiz 3,8 milyard nəfər deməkdir. Bunu çox varlılarla yoxsullar arasında artan uçurumu incələyən yeni hesabat üzə çıxarıb. Hesabat haqda “The Guardian” qəzeti yazır.

“Ümumdünya Bərabərsizlik Hesabatı”nı ötən həftə fransız iqtisadçı Thomas Piketty dərc edib.

Hesabatda qeyd olunur ki, bəzi ölkələrdə bərabərsizlik “aşırı səviyyə”yə yüksəlib və hökumətlər vergilərin artırılması, vergidən yayınma hallarının önlənməsi üçün koordinasiyalı addımlar atmasalar, problem daha da kəskinləşə bilər.

*** Buna da bax: DSK: 'Əhalinin ən aşağı gəlirli 10 faizinin aylıq gəliri 1,50 manat artıb...'

Hesabatda qeyd edilir ki, dünya əhalisinin ən varlı 1 faizi 1980-2016-cı illərdə dünyada sərvət artımının 27%-ni qamarlayıblar. Varlılar içində ən varlı qrupsa bundan da çox qazanıblar. Başda duran 0,1% dünyadakı sərvətin 13%-ni, 0,001%-sə, yəni 76 min nəfər 1980-ci ildən bəri qazanılan sərvətin 4%-ni əldə edib.

ABŞ-DA 1% ÖLKƏNİN SƏRVƏTİNİN 39%-Nİ ƏLDƏ EDİB

Gəlir qrupunun başındakı 0,1 faiz, yəni 7 milyonadək adam 1980-ci ildən əhalinin yarıdan aşağıdakı hissəsinin əldə etdiyi qədər sərvət qazanıb. Bunun əksinə, əhalinin yarıdan aşağıdakı 50%-i və başdakı 1 faizi arasındakı gəlir artımı ya ləng gedib, ya da heç artmayıb”, – hesabatda bildirilir.

İqtisadçılar Rusiya və Birləşmiş Ştatlarda sərvət bərabərsizliyinin “aşırı” həddə çatdığını bildirirlər. 2014-cü ildə ABŞ-da ən varlı 1% ölkə sərvətinin 39%-ni əldə edib ki, bu da 1980-ci ildəkindən 22% çoxdur. Tədqiqatçılar bu artımı daha çox başdakı 0,1% sərvət sahibinin güclənməsiylə bağlayırlar.

*** Buna da bax: 3 min 500 dolların varsa...

Bloomberg-in milyarderlər indeksinə görə, dünyanın ən varlı şəxsi Amazon şirkətinin təsisçisi və rəhbəri Jeff Bezos-dur, 98,8 milyard dolları var. Bezos-un sərvəti təkcə son bir ildə 33 milyard dollar artıb. Dünyanın ən varlı beş adamının – Bezos, Bill Gates, Warren Buffett, Amancio Ortega (Zara-nın sahibi) və Facebook rəhbəri Mark Zuckerberg-in birlikdə 425 milyard dollarlıq sərvəti var. Bu, Böyük Britaniyanın ÜDM-nin 1/6-nə bərabərdir.

Böyük Britaniyadan söz düşmüşkən, bu ölkənin zənginləri Hinduja ailəsidir, avtomobil və bank konqlomeratının sahibinin sərvəti 15,4 milyard dollardır.

SƏRVƏTİN 55 FAİZİ 10 FAİZƏ ÇATIR

Sərvət bərabərsizliyi özünü ən çox Şimali Amerikada və Avropada göstərir. Amma tədqiqatçılar problemin Afrika, Braziliya və Yaxın Şərqdə daha kəskin olduğunu vurğulayırlar.

Braziliya və Saharaaltı Afrikada başda duran 10% cəmi gəlirin 55 faizini əldə edir. Yaxın Şərqdə isə başdakı 10 faizə gedən sərvətin həcmi 60%-dir. Dünyadakı bərabərsizliyin ən yüksək səviyyəsi bu üç ölkədə qeydə alınıb”, – hesabatda deyilir.

*** Buna da bax: Rəsmən, varlılar da kasıblar qədər yeyir...

Müəlliflər xəbərdarlıq edirlər ki, qlobal səviyyədə koordinasiya olunmuş siyasi addım atılmasa, sərvət uçurumu böyüməkdə davam edəcək. “Qlobal səviyyədə başdakı 1 faizin gəlir payı indiki 20 faizdən 2050-ci ildə 24 faizdən də yuxarı qalxa bilər. Bu halda dünya əhalisinin yarısından aşağı hissədə yerləşən 50 faizinin payı 10%-dən 9 faizə düşə bilər”, – hesabatda bildirilir.

Müəlliflərin fikrincə, problemin həllindən ötrü təkcə vergiqoyma yetərli deyil, çünki zənginlər vergidən yayınmağın da yolunu tapıblar. “Cənnət sənədləri” araşdırması üzə çıxardı ki, dünyadakı sərvətin onda biri vergi cənnətlərində saxlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG