Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

Kreml deyir, CIA Rusiyaya kömək edib


Donald Trump (solda) və Vladimir Putin APEC-in sammitində, noyabr, 2017-ci il
Donald Trump (solda) və Vladimir Putin APEC-in sammitində, noyabr, 2017-ci il

ABŞ kəşfiyyat xidmətləri Sankt Peterburqda bir neçə terror hücumunun önlənməsində Rusiyaya kömək ediblər, hazırlanan planla bağlı Moskvanı xəbərdar ediblər. Bunu Kremllə Ağ ev dekabrın 17-də açıqlayıblar.

Terrorçuluqda mübarizədə əməkdaşlığın detallarının açıqlanması qeyri-adi hadisə sayılır.

Kreml bildirir ki, Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trump-la telefon söhbətində ona Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) iddia olunan hücumlarla bağlı verdiyi informasiyaya görə təşəkkür edib.

*** Buna da bax: Trump milli təhlükəsizlik strategiyasını açıqlayacaq

ZƏNGİ PUTİN EDİB

Ağ ev telefon zəngi təşəbbüsünün Putin-dən gəldiyini bildirir. Bu, dörd gün ərzində iki lider arasında ikinci telefon zəngi olub. İki gün öncəsə Rusiya hakimiyyəti ölkənin ikinci böyük şəhərində bomba hücumları planlaşdırmaqda şübhəli bilinən yeddi islamçı ekstremisti saxladığını bildirib.

Kremlin bəyanatına görə, CIA-nın verdiyi informasiyanın “terrorçuların izlənməsi və saxlanması”nda rolu olub, Putin-sə Trump-ı “əmin edib” ki, Rusiyanın təhlükəsizlik xidmətləri amerikalı həmkarlarına Birləşmiş Ştatlara və vətəndaşlarına terror hədələri haqda istənilən informasiyanı verəcək.

Kreml bildirir ki, Putin Trump-dan CIA direktoru Mike Pompeo-ya təşəkkürlərini çatdırmağı xahiş edib. Ağ ev ABŞ prezidentinin bu xahişi yerinə yetirdiyini açıqlayıb.

“Prezident Trump bu zəngi dəyərləndirib və prezident Putin-ə deyib ki, o və ABŞ-ın bütün kəşfiyyat cameəsi xeyli həyatın xilas edilməsinə kömək göstərməkdən məmnundur”, – bunu isə Ağ ev bəyanatında bildirib.

Trump dəfələrlə Moskvayla münasibətləri yaxşılaşdırmaq istədiyini açıqlayıb. Onun fikrincə, Suriya və başqa ölkələrdə antiterror fəaliyyəti daha yaxşı əlaqələrin qurulmasında rol oynaya bilər.

*** Buna da bax: NATO Moskvanı ‘Qorbaçovun imzaladığı müqaviləni’ pozmaqda ittiham edir

TRUMP DA PUTİN-Ə TƏŞƏKKÜR ETMİŞDİ

Amma Moskvayla Vaşinqtonun münasibətlərində son illər bir neçə məsələ üzündən gərginlik yaşanıb. Rusiyanın Ukraynaya müdaxiləsi üzündən ona sanksiyalar qoyulub, ABŞ-la Rusiya bir-birini silahlara nəzarət sazişlərinin pozulmasında suçlayıb, Rusiyanın ötən il Birləşmiş Ştatlarda prezident seçkisinə iddia olunan müdaxiləsi bu ölkənin kəşfiyyat agentlikləri tərəfindən araşdırılır.

Dekabrın 14-də Moskvada illik mətbuat konfransında Putin Trump-ın prezidentliyini müsbət dəyərləndirib, bazarların artdığını qeyd edib, ABŞ-Rusiya münasibətlərinin dirçələcəyinə ümidini ifadə edib.

Mətbuat konfransından sonra yayılan informasiyaya görə, Trump Rusiya prezidentinə zəng edərək ona təşəkkürünü bildirib.

*** Buna da bax: Trump Putin-ə təşəkkür edib

Dekabrın 17-də Sankt Peterburq məhkəməsi saxlanan şübhəlilərin üçünün yanvarın 14-dək həbsdə qalması barədə qərar verib. Məhkəmənin mətbuat xidməti bildirir ki, hər üç şübhəli ittihamları rədd edir, “silahların onların üstünə atıldığını” deyir.

Daha iki şübhəli barədə həbs qərarı öncə çıxarılmışdı. Federal Təhlükəsizlik Xidmətinin (FSB) məlumatında adı çəkilən qalan iki şübhəlinin taleyi bəlli deyil.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG