Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 02:24

Prokuror keçmiş deputatın oğluna 4 il istədi


Qalib Salahzadə

Keçmiş deputat Qalib Salahzadənin həbsdə olan oğlu Əlihüseyn Salahzadənin məhkəməsi yekunlaşır. Dekabrın 14-də bu iş üzrə məhkəmə istintaqının tamamlandığı elan olunub.

Ə.Salahzadənin işinə Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənova baxır. Məhkəmə prosesi başlayandan hakim bu iş üzrə iclaslara jurnalistlərin buraxılmaması haqda göstəriş verib. Ona görə də dekabrın 14-də məhkəmədə olanlar haqda da Salahzadənin vəkilindən məlumat aldıq.

Məhkəmə istintaqının yekunlaşması haqda qərardan sonra dövlət ittihamçısı çıxış edib.

Prokuror deyib ki, Ə.Salahzadəyə CM-nin 315.2 (xidməti vəzifəsini yerinə yetirən hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə verilmiş ittiham məhkəmədə təsdiqini tapıb. Prokurorun sözlərinə görə, onun «Azərsu» ASC-nin işçisi Elbəy Mirzəliyevi döydüyü sübuta yetirilib. Dövlət ittihamçısı buna görə Ə.Salahzadənin 4 il azadlıqdan məhrum edilməsini istəyib.

Qaydaya görə, dövlət ittihamçısından sonra müdafiə tərəfi çıxış etməlidir. Hakim Salahzadənin vəkilinə çıxışa hazırlaşmaq üçün dekabrın 20-nə qədər vaxt verib.

Ə.Salahzadə sentyabrın 13-də həbs olunub. İttihama görə, o, supulu ödənişi ilə əlaqədar evinin qapısına gələn «Azərsu»nun iki əməkdaşını təhqir edib, onlardan birini döyüb.

Zərərçəkmiş E.Mirzəliyev məhkəmədə dindirilərkən təqsirləndirilən şəxslə barışdıqlarını, ondan şikayətçi olmadığını söyləyib. Zərərçəkmiş məhkəməyə bu haqda yazılı ərizə də verib.

Q.Salahzadə oğluna qarşı bu ittihamı əsassız hesab edir. Keçmiş deputat oğlunun həbsinə görə baş prokuror Zakir Qaralovu günahlandırır. İddia edir ki, Qaralov vaxtilə torpaq məsələsinə görə aralarında yaranmış ədavətə görə ondan qisas alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG