Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 01:59

Sutkalıq həbsdə olan dindarın 'bandotdel'ə aparıldığı bildirilir


Emin Əliyev

«Müsəlman Birliyi» Hərəkatının həbsdə olan üzvü Emin Əliyev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparılıb. Bu haqda AzadlıqRadiosuna dindar fəalın yaxınları məlumat verib.

E.Əliyev noyabrın 26-da Nardaran hadisələrinin ikinci ildönümü ilə əlaqədar qəsəbəyə gedib, əməliyyat zamanı həlak olan dörd nəfər yerli sakinin məzarını ziyarət edərkən saxlanılıb. Noyabrın 27-də ictimai asayişi pozma və onu intizama dəvət edən polis əməkdaşlarına tabe olmamaqda günahlandırılaraq məhkəmə önünə çıxarılıb. Məhkəmənin qərarı ilə ona 30 sutka inzibati həbs cəzası verilib. E.Əliyev Binəqədidə inzibati qaydada həbs olunanlar üçün nəzərdə tutulmuş təcridxanada saxlanılırdı.

Dindar fəalın vəkili Fariz Namazlı da onun BMCMİ-yə köçürüldüyünü təsdiqləyib.

«Təcridxanada mənə «bandotdel»ə getməyi məsləhət gördülər»

«Dekabrın 12-də Binəqədidəki müvəqqəti saxlanma yerinə getdim. Qapıda dedilər ki, təcridxanada təmir-bərpa işləri getdiyi üçün dustaqların bir qismi qeydiyyatda olduqları rayonlar üzrə polis idarələrinə göndərilib. Emin Əliyevlə görüşmək üçün isə mənə «bandotdel»ə (idarənin əvvəlki adına görə indi də qısaca belə adlandırılır-red.) getməyimi məsləhət gördülər», - F.Namazlı bildirib.

Vəkil deyir ki, Binəqədidən BMCMİ-yə də gedib, amma bu idarədə ona hüquqlarını müdafiə etdiyi şəxs haqqında heç bir məlumat verə bilməyəcəklərini deyiblər.

Yaxınları isə E.Əliyevin təmir yox, başqa səbəbdən köçürülməsi, onun işgəncəyə qalmaq ehtimalına görə narahatdır: «Köçürülübsə belə, bunun yeri haqda bizə niyə heç bir məlumat verilmir? Heç vəkili ilə görüşməyə də qoymurlar».

Vəkil məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə, Ombudsman Aparatına müraciət edəcəyini bildirib.

Bu deyilənlərlə bağlı rəsmi açıqlama almaq mümkün olmayıb.

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və hərəkatın onlarla üzvü həbsdədir. Onların əksəriyyəti barəsində cinayət işi başlanıb, uzunmüddətli həbsə məhkum ediliblər. Bəzilərinə isə polisin tələbinə tabe olmamaq ittihamı ilə sutkalıq inzibati həbs cəzaları verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG