Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:27

'Kərə yağının ucuzlaşacağı vədi doğrulmadı'-Media icmalı


'Etibarlı adamın yoxdursa, kredit vermirlər'
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

'Etibarlı adamın yoxdursa, kredit vermirlər'

Bahalaşma, bank sektorunda müəmmalı məqamlar, Bakı və ətraf qəsəbələrin inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları medianın aparıcı mövzularındandır...

8 milyard «ölü pul»?

Azadliq.info saytında «Banklardakı əmanət və depozitlərin 40 faizinin başı dərddədir?» sualı ətrafında iqtisadçı-ekspert Nemət Əliyevin düşüncələrinə yer verilib.

N.Əliyev deyib ki, Mərkəzi Bank bu il noyabrın 1-nə banklarda 19 milyard 697 milyon manat əmanət və depozit olduğunu bildirib. Ancaq eyni zamanda Mərkəzi Bank həmin dövrə bank kreditlərinin həcminin 11 milyard 732 milyon manat olduğunu açıqlayıb:

«Bu iki göstəricinin müqayisəsinə görə, banklar cəlb etdiyi əmanət və depozitlərin 60 faizini kredit verib. Bəs aradakı 40 faizlik hissə, 7 milyard 965 milyon manat məbləğində olan əmanət və depozitlər haradadır?».

Ekspert vurğulayıb ki, qiymətli kağızlar çap etməklə banklara cəlb olunan 2 milyard manatı və balans hesabatlarında bank kapitalı kimi qeydiyyata düşən 3 milyard manatı bura aid etmir:

«Söhbət yalnız bankların əhalidən, hüquqi şəxslərdən cəlb etdiyi əmanət və depozitlərin taleyindən gedir. 8 milyard manata yaxın əmanət və depozitin harada olması, hara xərclənməsi bəlli deyil. Bu qədər vəsait, banklarda və yerindədirsə, niyə kredit vermək üçün istifadə olunmur?».

N.Əliyevə görə, açıqlama verilə bilər ki, faizlər yüksəkdir, o kreditləri alan yoxdur. Ekspert hesab edir ki, həqiqətən də, indi yüksək faizlərlə təklif olunan kreditlərə yaxın düşmək olmur. Amma N.Əliyev ardınca da belə bir sualı gündəmə daşıyır:

«O zaman 8 milyarda yaxın əmanəti və depoziti cəlb edərək, «ölü pullar» halına salmaq, bunlara görə faizlər ödəyib milyonlarla əlavə xərcə düşmək bankların nəyinə lazımdır?».

Ekspert hesab edir ki, belə zərərli fəaliyyət çökmüş bankların daha dərin uçuruma atılması deməkdir:

«Bu cür hesabsız-kitabsız fəaliyyətin sonu fəlakətdir».

Yağ
Yağ

İqtisadi islahatlar «axsayır»...

«Novoye Vremya» qəzetində «İnflyasiyanın cilovlanması Nazirlər Kabinetinə çəkilməz yükdür» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, ölkədə bahalaşma davam etməkdədir:

«Qiymət artımı vətəndaşların çoxunun yan keçdiyi supermarketlərdə və bazarlarda müşahidə edilir. Yalnız yay aylarında mövsümlə bağlı meyvə-tərəvəzdə ucuzlaşma olub, bundan kənar tariflər fasiləsiz olaraq artmaqdadır».

Müəllif rəsmi statistikaya istinadən vurğulayır ki, keçən illə müqayisədə inflyasiya 13.4 faiz təşkil edib. Ərzaq malları 17.1, qeyri-ərzaq malları 12.1 faiz bahalaşıb.

Yazıda qeyd edilir ki, bu günlərdə kərə yağının qiymətinin endiriləcəyi ilə bağlı vədlər də özünü doğrultmayıb. Əksinə, Yeni il öncəsi qiymətinin bahalaşması davam edir:

«İstehlak bazarı qiymətlərə nəzarət edən inhisar qruplarının yaratdığı qaydalarla yaşayır. Maaşlar, pensiya və sosial müavinətlər ərzağa güclə yetir. Ona görə də, inflyasiya səviyyəsini və qiymət artımı ilə bağlı nəticələri ərzaq bazarındakı vəziyyətə uyğun dəyərləndirmək lazımdır».

Müəllif yazır ki, hökumət inflyasiyanın təkrəqəmli olacağını vəd etmişdi. Görünür, bu vəd unudulub. Yazıda hesab edilir ki, ölkədə nə inflyasiya, nə də işsizliyin həddi ilə bağlı açıqlanan rəsmi rəqəmlər real görünmür:

«Axı necə olur ki, bütün qiymətlər fasiləsiz artır, amma inflyasiya Statistika Komitəsinin bu ilin sentyabrına bəyan etdiyi səviyyədə qalmaqda davam edir. Statistika Komitəsi elə bununla da inflyasiyanın cilovlanması məsələsinə ziyan vurur».

Müəllif hesab edir ki, əgər inhisarçılar qiyməti öz istədiyi kimi müəyyən edirsə, dövlət bahalaşmanı kənardan izləməməlidir.

Yazıda vurğulanır ki, hökumətin hər hansı antiböhran tədbirləri görünmür, səs-küylə elan edilən iqtisadi islahatlar isə «axsayır»...

Nardaran artıq Bakının digər qəsəbələrinə bənzəyir
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00

Bakı qəsəbələrinin inkişaf «libası»

«Azərbaycan» qəzetində «Bakıətrafı kənd və qəsəbələr yeni ili yeni libasda qarşılayır» sərlövhəli yazı yer alır.

Müəllif yazır ki, paytaxtətrafı yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafı ilə bağlı son 10 ildə üç dövlət proqramı qəbul edilib və proqramların icrası bu qəsəbələrin abadlaşmasına səbəb olub.

Yazıda vurğulanır ki, 2006-2007-ci illərdə Bakı ətrafında sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair tədbirlər proqramı qəbul ediləndə, həllini gözləyən problemlər çox olub:

«İlk baxışdan nə qədər çətin olsa da, Azərbaycanda geniş vüsət alan sosial-iqtisadi inkişaf, icra edilən çoxsaylı layihələr və ən önəmlisi, prezident İlham Əliyevin şəxsi nəzarəti aidiyyəti qurumların bu istiqamətdəki fəaliyyətinə ciddi təkan verdi».

Yazıda bildirilir ki, 2011-2013 və 2014-2016-cı illərdə Bakı şəhəri və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları qəbul olunanda, məqsəd təkcə kəndlərin inkişafı deyildi. Həm də qarşıya paytaxtın ucqarlarının da inkişafı əsas məqsədlərdən biri kimi qoyulmuşdu:

«Belə də oldu. Bir vaxtlar neft tullantıları ilə çirklənmiş ərazilər təmizlənərək abadlaşdırıldı. Fiziki və mənən köhnəlmiş infrastruktur tamamilə yenidən quruldu, park və xiyabanlar salındı, müasir tələblərə cavab verən müəssisələr yaradıldı, sosial obyektlər açıldı. Bir sözlə, beləcə, Bakının qəsəbə və kəndləri günbəgün simasını dəyişərək mərkəzlə ayaqlaşmağa başladı».

Müəllif vurğulayır ki, dövlət proqramları qəbul edilərkən əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, rifah halının yüksəldilməsi də əsas hədəflərdən idi.

Yazıda bildirilir ki, son illər əhalinin su, kanalizasiya təminatında, elektrik enerjisi, qaz və istilik təchizatında da vəziyyət yaxşılaşıb.

XS
SM
MD
LG