Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 20:39

Elmar Məmmədyarov: ‘Növbəti aylar Ermənistanın...’


Elmar Məmmədyarov

Bu gün, dekabrın 7-i Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirləri şurasının 24-cü iclasında çıxış edib.

Elmar Məmmədyarov çıxışının əvvəlində dekabrın 6-da Ermənistan xarici işlər naziri və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar aparması barədə məlumat verib.

O, vurğulayıb ki, substantiv, nəticə yönümlü danışıqların canlanması ehtiyatlı nikbinliyə səbəbdir:

“Oktyabrın 16-da Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü doğru istiqamətdə atılmış addım idi. Sözügedən görüş sübut etdi ki, substantiv danışıqların yenidən başlanması üçün ön şərtin irəli sürülməsi cəhdləri uğursuzluğa məhkumdur. Buna baxmayaraq, regiondakı bəzi qüvvələrin qəbulolunmaz və qeyri-davamlı status-kvo vəziyyətinin dəyişdirilməsinə yönəlmiş zəruri siyasi addımlar atmaqda maraqlı olmaması ciddi narahatlıq doğurmaqda davam edir. Rəsmi Yerevan Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki mənzərəsinin dəyişdirilməsinə yönəlmiş qeyri-qanuni addımlarını davam etdirir”.

Buna da bax: Elmar Məmmədyarov AB elçisi ilə görüşüb

Nazirin deməsinə görə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş qətnamələri (4 qətnamə qəbul edilib) Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qoşunların dərhal, tam və qeyd-şərtsiz boşaldılmasını tələb edir:

“Qarşılıqlı addım olaraq kommunikasiya və nəqliyyat xətlərinin açılmasına çağırış edir. Məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmalarına yardım edilməsinə israr edir. Bu yanaşmanın əsas mahiyyəti münaqişənin nəticələrinin aradan qaldırılmasına və həll olunmamış siyasi məsələlərin Minsk Konfransı çərçivəsində müzakirə edilməsinə əsaslanır.

Əgər Ermənistan həqiqətən də problemin siyasi yolla həllini tapmaqda maraqlıdırsa, o zaman münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməlidir.

Növbəti aylar Ermənistanın sülhün əldə edilməsində ciddi tərəfdaş olub-olmadığını, nümayiş etdirəcək...”

Bu gün, dekabrın 7-də ATƏT-in Nazirlər Şurasının 24-cü iclası başlayıb.

İclas dekabrın 8-də başa çatacaq.

İclasda Avrasiya regionunda təhlükəsizlik və təşkilatın fəaliyyətinə dair bir sıra məsələlər müzakirə edilir.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG