Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 20:43

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.

Görüş Vyanada ATƏT-in 24-cü Nazirlər Şurası çərçivəsində baş tutub.

Bu haqda Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Görüşdə Azərbaycan və Avropa Birliyi arasında münasibətlərin hazırkı durumu ətrafında müzakirələr aparılıb. İkitərəfli əlaqələrin inkişaf etdirilməsində hazırda müzakirə edilməkdə olan strateji tərəfdaşlıq sazişinin əhəmiyyəti də qeyd olunub.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Nazir ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə Vyanada keçirilən son görüş barəsində məlumat verib.

Buna da bax: Demokratiya İndeksi: Azərbaycan 148-ci yerdədir

Elmar Məmmədyarov münaqişənin həlli prosesində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun inkişaf etdirilməsinin vacibliyinə diqqəti çəkib. O, vurğulayıb ki, Azərbaycanın bu qəbildən olan təmasları dəstəkləyir.

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Gürcüstan, Moldova, Ukrayna qurumla çərçivə, Ermənistan isə tərəfdaşlıq sazişi imzalayıb.

Azərbaycanla Avropa Birliyi arasında bu il fevral ayında strateji tərəfdaşlıqla bağlı danışıqlar başlayıb. Ancaq sazişin nə vaxt imzalanacağı bilinmir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG