Fransa məhkəməsi rusiyalı biznesmen və deputat Suleiman Kerimov-dan 40 milyon avro girov pulu tələb edir.
Rusiya parlamentinin yuxarı palatasının üzvü olan Kerimov noyabrın 20-də Nitsada saxlanıb. O, Rivierada dəbdəbəli əmlak almaqda və vergidən yayınmaqda şübhəli bilinir.
Kerimov zaminə buraxılmaqdan ötrü 5 milyon avro ödəyib, pasportunu da təhvil verib. Ancaq ittihamçılar daha yüksək məbləğ tələb edirdilər və məhkəmə dekabrın 6-da 40 milyon avronu müəyyənləşdirib.
Mühafizəçilərin əhatəsində məhkəmədən çıxan Kerimov jurnalistlərin suallarını cavablandırmayıb.
Forbes jurnalı Kerimov-un sərvətinin 6,3 milyard dollar olduğunu bildirir.
Rusiya Federasiya Şurasında Dağıstanı təmsil edən Kerimov-un həbsi Moskvanı qəzəbləndirib.
Rusiyanın Xarici İşlər Nazirliyi noyabrın 22-də bildirib ki, Fransanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkilinə etiraz bildirilib.
Nazirliyin bildirməsinə görə, Kerimov-un diplomatik toxunulmazlığı barədə Fransaya məlumat verilib.