Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 00:48

Ali Məhkəmə Mövsüm Səmədovu Qobustanda saxladı


Mövsüm Səmədov

Ali Məhkəmə bu gün, dekabrın 6-sı İslam Partiyasının həbsdəki lideri Mövsüm Səmədovun kassasiya şikayətinə baxıb. Onun şikayəti təmin edilməyib.

Bunu AzadlıqRadiosuna vəkil Cavad Cavadov bildirib.

M.Səmədov Qobustandakı qapalı həbsxanaya köçürülməsindən şikayət edib. Məhkəməyə şikayətində o iddia edib ki, ağır şəraitli həbsxanaya köçürülməsi qanunsuz baş verib. M.Səmədovu yaxın vaxtlara kimi məhkəmədə vəkil Yalçın İmanov təmsil edirdi. Y.İmanovun vəkillik fəaliyyətini ötən ay Vəkillər Kollegiyası dayandırıb. Ona görə də bu şikayətə baxış bir müddət ertələnmişdi.

M.Səmədovun kassasiya şikayətinə hakim Əli Seyfəliyevin sədrlik etdiyi məhkəmə kollegiyası baxıb. Vəkil C.Cavadovun bildirdiyinə görə, M.Səmədovun məhkəmədə iştirakı təmin edilməyib. Ancaq Səmədov iştirakının təmin edilməsini istəyib.

«Hakim bunu Mövsüm Səmədovun məhkəmədə iştirak etmək istəməsinin səbəbini izah edə bilməməsi ilə əsaslandırdı», - deyən vəkilə görə, bu əsaslı qərar olmayıb.

«Bütün hallarda Səmədovun məhkəmədə iştirakı təmin edilməli idi», - vəkil əlavə edib.

İslam Partiyası liderinin qapalı həbsxanaya köçürülməsini cəza verilmiş insanın təkrar cəzalandırılması kimi qiymətləndirən vəkil Ali Məhkəmənin onların arqumentlərini diqqətə almadığını, kassasiya şikayətini rədd etdiyini ifadə edib.

Müdafiə tərəfi qərardan narazı qalıb. C.Cavadov bildirib ki, Ali Məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verəcəklər.

Xatırlatma

M.Səmədov 12 il müddətinə azadlıqdan məhrum edilib. O, 2011-ci ildə qanunsuz silah saxlama, Konstitusiya quruluşunu dəyişmək və başqa cinayətlərdə ittiham edilib. O, ittihamları qəbul etmir. Avropa İnsan Hüquqları Məhkəməsi onun işi ilə bağlı kommunikasiyaya başlayıb.

M.Səmədov 2014-cü ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 12 Saylı Cəzaçəkmə Müəssisəsindən 2 il müddətinə Qobustan Qapalı Həbsxanasına köçürülüb. O, 12 Saylı Cəzaçəkmə Müəssisəsinə 2016-cı ilin noyabrında qaytarılıb. Elə həmin gün də daxili qaydanı pozmaqda günahlandırılaraq, 15 gün müddətinə cərimə kamerasına salınıb. Bunun arxasınca cəzaçəkmə müəssisəsi eyni əsasla onun yenidən Qobustan həbsxanasına qaytarılması barədə təqdimat verib. Bu il iyunun 14-də Qaradağ Rayon Məhkəməsi bu təqdimatı təmin edib. Bununla bağlı müdafiə tərəfinin iyul ayında verdiyi apellyasiya şikayəti təmin olunmayıb.

Hüquq müdafiə təşkilatları M.Səmədovu siyasi məhbus kimi tanıyırlar. Ancaq Azərbaycan rəsmiləri deyir ki, ölkədə siyasi məhbus yoxdur. Siyasi məhbus sayılan şəxslər konkret əməllərinə görə məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG