Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 22:41

Zarrab rüşvət verdiyini boynuna alır


Türkiyə qəzetlərinin ön səhifələri, 30 noyabr, 2017-ci il
Türkiyə qəzetlərinin ön səhifələri, 30 noyabr, 2017-ci il

Reza Zarrab Türkiyədə həbsdən buraxılmaqdan ötrü rüşvət verdiyini etiraf edib. Milliyyətcə azərbaycanlı olan İran-Türkiyə biznesmeni, qızıl taciri Zarrab artıq dördüncü gündür Nyu York məhkəməsində ifadə verir.

O, İranın ABŞ sanksiyalarından yayınmasına kömək etdiyini etiraf edib. Daha sonra deyib ki, 2014-cü ilin fevralında həbsdən buraxılmaqdan ötrü rüşvət verib.

ATİLLA DA İŞTİRAKINI DAVAM ETDİRİBMİŞ

Zarrab 2013-cü ildə İrana sanksiyalardan yayınmağa kömək sxemində iddia olunan roluna görə həbs olunmuşdu.

O, 2014-cü ildə nə qədər və kimə rüşvət verdiyini açıqlamayıb. Türkiyə hökumətindən də bu iddialara, hələlik, reaksiya gəlməyib.

*** Buna da bax: Erdogan “vətənə xəyanət”dən danışır

Artıq “ulduz şahid” sayılan Zarrab ABŞ prokurorlarıyla əməkdaşlıq edərək Türkiyənin dövlətə məxsus Halkbank-ının rəhbəri Mehmet Hakan Atilla-ya qarşı ifadə verir. Atilla Zarrab-la birlikdə İranın 1 milyard dollarlıq neft və qaz gəlirinin ABŞ bankları və qlobal bazarlarda yuyulmasına yardımda suçlanır.

Zarrab ifadəsində deyib ki, Türkiyədəki həbsindən əvvəl və sonra İran adından Halkbank-la işləyib, 2016-cı ilin martında ABŞ-da həbs olunanadək bu işi davam etdirib. O, ailəsiylə birlikdə Floridaya, “Disney World”a tətilə gedərkən saxlanıb.

Zarrab-ın sözlərinə görə, Türkiyədə araşdırma dayanandan, o, həbsdən buraxılandan sonra Atilla da İran sanksiyaları sxemində iştirakını davam etdirib.

Atilla ittihamları rədd edir, Halkbank bütün tranzaksiyaların milli və beynəlxalq qaydalara uyğun aparıldığını bildirir

*** Buna da bax: Ankara Zarrab-a cinayət işinin ləğvinə çağırır

DƏLİL

Atilla-nın vəkilləri dekabrın 4-də ABŞ dairə məhkəməsinin hakiminə məktubda yazırlar ki, prokurorlar onların müştərisinə yardım edəcək dəlilin onlara verilməsini yubadırlar.

Vəkillərin fikrincə, dəlil Zarrab-ın güzəşt əvəzində yalan danışmağa hazır olduğunu göstərir.

Vəkillərin deməsinə görə, Zarrab deyib ki, Birləşmiş Ştatlardan güzəştli cəza almaqdan ötrü “törətmədiyin cinayətləri boynuna almalısan”. Bu fikrin prokurorların dekabrın 2-də müdafiə tərəfinə verdiyi qeydlərdə yer aldığı bildirilir, Zarrab bunu guya ötən il sentyabrın 15-də həbsdən telefon zəngində deyibmiş.

Vəkillər bu telefon söhbətinin audio yazısını tələb edirlər.

Prokurorlar məsələni şərh etməyiblər.

“Cənab Zarrab tam həqiqi ifadə vermək öhdəliyini dərk edir”, – Zarrab-ın vəkillərindən Robert Anello email cavabında yazıb.

*** Buna da bax: Nazir keçmiş həmkarının 10 milyonlarla rüşvət almasını inkar edir

XATIRLATMA

ABŞ prokurorları sanksiya sxemində iştiraka görə doqquz nəfərə ittiham irəli sürüblər. Onlardan yalnız 34 yaşlı Zarrab və 47 yaşlı Atilla saxlanıb. Yüksəkçinli türk rəsmilərinin də olduğu digər təqsirləndirilənlər azadlıqdadır.

Zarrab ifadəsində prezident Recep Tayyip Erdogan-a da toxunub, deyib ki, onun siyasi opponentləri həm ABŞ-dakı cinayət işinin, həm də 2013-cü ildə Türkiyədə onun həbsiylə sonuclanmış işin arxasında dururlar.

Dekabrın 1-də Türkiyənin baş naziri Binali Yildirim bu işin məqsədinin Türkiyə iqtisadiyyatına zərbə vurmaq olduğunu bildirib. Anadolu agentliyi isə Türkiyədə Zarrab-ın mülkiyyətinin müsadirə olunacağını yazıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG