Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

Britaniyalıların yarısı ikinci Brexit səsverməsi istəyir


İrlandiya ilə Şimali İrlandiya arasında sərhəd
İrlandiya ilə Şimali İrlandiya arasında sərhəd

Britaniyalıların yarısı Avropa Birliyindən çıxmaqla bağlı ikinci səsvermə istəyir, çoxu isə düşünür ki, hökumət ticarət danışıqlarına yol açmaqdan ötrü AB-yə həddən artıq pul verir. “Reuters” agentliyinin yazdığına görə, bunu yeni rəy sorğusu üzə çıxarıb.

“Mail on Sunday” qəzetinin dərc etdiyi rəy sorğusuna görə, rəyi soruşulanların 50 faizi Britaniyadan çıxmaqla bağlı sazişin yekun şərtləri üzrə daha bir səsverməni dəstəkləyir. 34 faiz ikinci referendumu rədd edir, 16 faiz bu barədə fikri olmadığını deyib.

Qəzet bildirir ki, bu, ötən həftə mediada yayılmış xəbərlərdən sonra ilk böyük rəy sorğusudur. Media yazmışdı ki, Britaniya AB ilə gələcəkdə ticarət sazişi üzrə danışıqlarin irəli aparılmasından ötrü 50 milyard avro (59 milyard dollar) ödəməyə hazırlaşır.

Seçki təhlilçisi, www.politicalbetting.com vebsaytının rəhbəri Mike Smithson Twitter-də yazıb ki, bu, ikinci Brexit referendumuna “dəstəyin qeydə alındığı ilk rəy sorğusudur”.

*** Buna da bax: Britaniya 350 milyard avro itirib

BLAİR-İN ARQUMENTİ

2016-cı ildə keçirilən referendumdan sonra Britaniyanın AB-dən çıxmasının opponentləri – Fransa prezidenti Emmanuel Macron, Britaniyanın keçmiş baş naziri Tony Blair və milyarder investor George Soros Britaniyanın fikrini dəyişə biləcəyi versiyasını irəli sürüblər. Onlar Brexit-in Britaniya iqtisadiyyatına fəlakət gətirəcəyini söyləyiblər.

Blair bazar günü Brexit-ə qarşı olmasını belə əsaslandırıb ki, AB-dən çıxmağın tərəfdarlarının iddiaları özünü doğrultmayıb. Məsələn, bir fikir buydu ki, Milli Səhiyyə Xidməti həftədə əlavə 350 milyon funt-sterlinq əldə edəcək. Blair deyib ki, hökumətin Brexit danışıqlarındakı hədəfləri iflas edəcək, çünki hökumət vahid bazardan çıxmaq, eyni zamanda bütün qazanclarını əldə saxlamaq istəyir.

Onlayn rəy sorğusunu Survation araşdırmaq şirkəti 30 noyabr- 1 dekabr tarixində 1003 yetkin britaniyalı arasında keçirib.

Bu gün – dekabrın 4-də isə Böyük Britaniyanın baş naziri Theresa May, Brexit naziri David Davis və baş nazirin Brexit müşaviri Olly Robbins Brüsseldə AB rəsmiləri ilə nahar edəcəklər.

“Frans Pres” agentliyinin yazdığına görə, Avropa Birliyi bildirib ki, bu işçi nahar ayrılma məsələsi üzrə irəliləyişin əldə olunmasından ötrü son tarixdir. Əks halda, 15 dekabr sammitində gələcək ticarət münasibətləri üzrə danışıqları başlatmaq mümkün olmayacaq.

AB-nin aparıcı diplomatı agentliyə deyib ki, bazar ertəsi razılaşmanın əldə olunması “çətin, ancaq mümkündür”. Əsas fikir ayrılıqları İrlandiya sərhədinin taleyi və Britaniyada yaşayan Avropa vətəndaşlarının hüquqlarıyla bağlıdır.

*** Buna da bax: May: Rusiya “Qərbə düşmənçilik yaya bilməyəcək”

DANIŞIQLARIN DÜYÜNÜ

London AB-nin qoyduğu son tarixi rədd edib, ancaq məsələnin irəli atılmasında maraqlı görünür. Danışıqlar həftəsonu davam etdirilib.

İşçi naharda AB tərəfdən Avropa Komissiyasının prezidenti Jean- Claude Juncker, AB-nin Brexit təmsilçisi Michel Barnier və Juncker-in idarə rəhbəri Martin Selmayr iştirak edəcək.

Bir neçə aylıq danışıqlardan sonra Londonla Brüsselin 45-55 milyard avroluq (53-63 milyard dollar) ayrılma sazişiylə bağlı razılığa gəldikləri bildirilir. Ancaq Avropa Birliyinin tərkibində qalan İrlandiya ən böyük problem kimi görünür. Avropa Şurasının prezidenti Donald Tusk xəbərdarlıq edib ki, Dublin sərhədlə bağlı təkliflərdən məmnun qalmasa, AB Britaniyanın təklifini qəbul etməyəcək.

*** Buna da bax: Rusiyanın Brexit-lə əlaqəsi araşdırılır

Sərhəd məntəqələrinin bərpasının Şimali İrlandiyada vaxtilə münaqişələr yaratmış bölücülüyü yenidən alovlandıracağı sarıdan narahatlıq var. Londonu sərhəd qaydalarını sərtləşdirməməyə çağırırlar. Ancaq London bildirir ki, Britaniya torpağında yeni sərhəd istəmir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG