Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:23

May: Rusiya “Qərbə düşmənçilik yaya bilməyəcək”


Rusiya prezidenti Vladimir Putin (sağda) və Theresa May ötən ilin sentyabrında Çində görüşüblər
Rusiya prezidenti Vladimir Putin (sağda) və Theresa May ötən ilin sentyabrında Çində görüşüblər

Rusiyanın Qərbə düşmənçilik səpmək cəhdləri alınmayacaq, bu cəhdlər artıq Qərb müttəfiqləri Moskvanın müdaxiləsinə dirəniş göstərmək üçün birlikdə işləməyə sövq edib. Bunu Böyük Britaniyanın baş naziri Theresa May deyir.

Noyabrın 13-də axşam Londonda Lord Mayor Banketində illik çıxış edən May Rusiyanın “beynəlxalq düzəni təhdid edən” son hərəkətlərini sadalayıb – Moskvanın 2014-cü ildə Ukraynanın Krım ərazisini qanunsuz ilhaqından tutmuş, Avropa və Birləşmiş Ştatlarda kiberhücumlar və məlumat sızmaları vasitəsiylə “informasiyadan silah kimi istifadə” cəhdlərinə qədər.

*** Buna da bax: Rusiyanın Brexit-lə əlaqəsi araşdırılır​

“NƏ ETDİYİNİZİ BİLİRİK”

“Moskva dövlət media qurumları vasitəsiylə saxta xəbərlər, fotoşop fotolar uydurur, Qərbə düşmənçilik yaymaq, bizim institutlara zərbə vurmağa çalışır”, – o deyib.

“Rusiyaya çox sadə bir mesajım var. Nə etdiyinizi bilirik. Buna nail olmayacaqsız”, – May vurğulayıb.

Baş nazir daha sonra Rusiyaya xitabən söyləyib: “Demokratiyalarımızın qətiyyətini, azad və açıq cəmiyyətlərin daimi cəlbediciliyini, Qərb ölkələrinin bizi birləşdirən alyanslara öhdəliyini aşağı dəyərləndirirsiz”.

May-in bu kəskin sözlərindən öncə, ötən həftəsonu ABŞ prezidenti Donald Trump rusiyalı həmkarı Vladimir Putin barədə mülayim danışıb. Onun sözlərinə görə, Putin ona Rusiyanın ötən il ABŞ-da prezident seçkisinə müdaxilə etmədiyini deyib. Hazırda ABŞ kəşfiyyat agentlikləri bu iddiaları araşdırır.

Böyük Britaniya ötən il Avropa Birliyindən çıxmağa səs verib. Hazırda Britaniya agentlikləri Rusiyanın bu məsələyə müdaxiləsiylə bağlı iddiaları araşdırır.

ÖHDƏLİKLƏRƏ SADİQLİK

May çıxışında Britaniyanın AB ilə münasibətlərə sadiq qaldığını bir daha təsdiqləyib.

Onun sözlərincə, London NATO-da və digər qurumlarda “Rusiyanın fəaliyyətinin önlənməsindən ötrü gərəkən addımları atacaq”. “Böyük Britaniya Avropanın təhlükəsizliyinin saxlanmasına qeyd-şərtsiz sadiq qalacaq”, – o vurğulayıb.

*** Buna da bax: Britaniyalı nazirin bəyanatı iranlı qadına təhlükə yaradıb

O, kibertəhlükəsizliyi gücləndirməyə, rusiyalı oliqarxların Britaniyaya sərmayə qoymaqla “korrupsiyadan bəhrələnməsini” dayandıracaq maliyyə qaydalarını sərtləşdirməyə boyun olub.

Baş nazir Britaniyanın Rusiyayla əlaqələri saxlamalı olduğunu da vurğulayıb. May xarici işlər naziri Boris Johnson-un gələn aylar ərzində Moskvaya səfər edəcəyini deyib.

“Biz Soyuq Müharibə Dövrünə qayıtmaq, yaxud daimi qarşıdurma vəziyyətində olmaq istəmirik”, – deyən May “başqa bir yol”un olduğunu sözlərinə əlavə edib.

XS
SM
MD
LG