"Biz BMT nizamnaməsi və orada əks olunan ölkələrin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq kimi prinsiplərə dair öhdəliyimizi bir daha təsdiq etdik".
APA-nın xəbərinə görə, bu fikirlər bu gün, dekabrın 1-i Bakıda keçirilən "Asiyanın qəlbi - İstanbul prosesi"nin nazirlər toplantısının bəyannaməsində əks edilib.
Toplantı iştirakçıları dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə qarşı güc tətbiq etməmək öhdəliyini də bir daha qeyd ediblər.
Buna da bax: Bakıda 7-ci nazirlər konfransı keçirilir
Bəyannamədə terrorizmlə, narkotiklə, mütəşəkkil cinayətkarlıqla mübarizə, qaçqınlar, beynəlxalq ictimaiyyətin Əfqanıstanda rolu, sülh və regional əməkdaşlıq kimi məsələlər əksini tapıb.
Xatırlatma
Dekabrın 1-i Bakıda «Asiyanın qəlbi – İstanbul prosesi» çərçivəsində 7-ci nazirlər konfransı keçirilib.
«Asiyanın qəlbi» konfransı hər il xarici işlər nazirləri səviyyəsində keçirilir və «İstanbul prosesi» adlanır. Bu formatda ilk konfrans 2011-ci ilin noyabrında İstanbulda keçirilib. «İstanbul prosesi»nin məqsədi praktik qarşılıqlı inkişaf vasitəsilə Əfqanıstanda vəziyyətin sabitləşdirilməsinə nail olmaqdır.
«Asiyanın qəlbi - İstanbul prosesi»nə Əfqanıstan, Azərbaycan, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və BMT daxildir.