Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:19

İlham Əliyev: 'Azərbaycan şirkətləri Əfqanıstanda...'


Əşrəf Qani və İlham Əliyev

“Azərbaycan - Əfqanıstan əməkdaşlığı ən yüksək səviyyədədir. Biz yaxşı tərəfdaş və dostuq”.

AzərTAC-ın xəbərinə görə, prezident İlham Əliyev əfqanıstanlı həmkarı Məhəmməd Əşrəf Qani ilə sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında belə qeyd edib.

Prezident iki ölkə arasında gözəl siyasi əlaqələrin olduğunu deyib.

“Beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Biz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normalarına uyğun həll edilməsi məsələsində Əfqanıstanın ədalətli mövqeyinə görə minnətdarıq. Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda Əfqanıstanı dəstəkləyir. Biz Qətiyyətli Dəstək Missiyasının iştirakçısıyıq. Biz multimodal tranzit və hava məkanımızdan istifadəni təmin edirik. Qərar qəbul etmişik ki, Əfqanıstanda xidmət aparan hərbçilərimizin sayını artıraq və bununla da Əfqanıstanda sabitlik, sülh və inkişafa töhfə verək”, – prezident qeyd edib.

Buna da bax: Azərbaycan və Əfqanıstan arasında sənədlər imzalanıb

İ.Əliyev vurğulayıb ki, sabitlik yalnız iqtisadi və sosial inkişaf yolu ilə təmin oluna bilər. O, həmkarı ilə müzakirə etdiyi mövzular arasında hər zaman iqtisadi xarakterli məsələlərin də olduğunu bildirib.

“Biz fəxr edirik ki, Əfqanıstan “ASAN xidmət”in təcrübəsindən yararlanan dövlətlərdən olacaq. “ASAN xidmət” Azərbaycanda dövlət xidmətləri sahəsində həqiqətən inqilab etdi. Əhali arasında bu qurumun bəyənilmə reytinqi 98 faiz, yəni, 100 faizə yaxındır və bu qurum doğrudan da dövlət xidmətləri sahəsində böyük dəyişikliklər etdi. Çox şadıq ki, biz bu xidmətləri əfqan qardaşlarımız üçün təmin edəcəyik”, - prezident deyib.

Buna da bax: İlham Əliyev: ‘İstanbul Prosesi Əfqanıstanın inkişafına töhfə verəcək’

O, vurğulayıb ki, Azərbaycan şirkətləri Əfqanıstanda podratçı və investor qismində işləmək arzusundadırlar və buna hazırdırlar.

“Biz bu gün kreditlər, müqavilələr, birgə müəssisələrlə bağlı da müzakirələr apardıq. Artıq qeyd etdiyim kimi, iqtisadiyyat, nəqliyyat və enerji sahələrindəki gündəliyimiz olduqca genişdir”, – İ.Əliyev qeyd edib.

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani isə vurğulayıb ki, əfqanlar Azərbaycana gəldikdən sonra öz ölkələrində dəyişiklik etmək inamı ilə qayıdırlar.

“Bunların əyani sübutu “ASAN xidmət”dir. Maliyyə naziri səfər etdikdən sonra bu təcrübə dərhal tətbiq olunmağa başladı. Müvafiq qurum yaradıldı və o, Rabitə Nazirliyinin tabeliyinə verildi”.

Buna da bax: Bakıda 7-ci nazirlər konfransı keçirilir

O, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli, əsaslı mövqeyini daim tam dəstəkləyəcəklərini ifadə edib. Əfqanıstan prezident azərbaycanlı hərbi qulluqçulardan razılıq edib, onların mübariz olduğunu, şərəflə xidmət etdiklərini qeyd edib.

“Çox səmimiyyətlə arzulayırıq ki, Azərbaycanın özəl və dövlət sektoru ölkəmizə gəlsin. Maliyyə Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılmış dəyişikliklər təcrübəsi, sənaye inkişafı və xüsusən də yaradılmış Neft Fondu - əla misallardır. Çünki Əfqanıstandakı vəziyyət Azərbaycanın müharibədən sonrakı durumla üzləşdiyi çağırışlarla eynidir. Digərləri bunu görmür”, – Əfqanıstan prezidenti vurğulayıb.

Əfqanıstan prezidenti noyabrın 30-da Azərbaycana gəlib. Səfərdə məqsəd bu gün, dekabrın 1-i Bakıda keçirilən «Asiyanın Qəlbi – İstanbul Prosesi» çərçivəsində 7-ci nazirlər konfransında iştirak etmək olub.

«Asiyanın qəlbi» konfransı hər il xarici işlər nazirləri səviyyəsində keçirilir və «İstanbul prosesi» adlanır. Bu formatda ilk konfrans 2011-ci ilin noyabrında İstanbulda keçirilib. «İstanbul prosesi»nin məqsədi praktik qarşılıqlı inkişaf vasitəsilə Əfqanıstanda vəziyyətin sabitləşdirilməsinə nail olmaqdır.

«Asiyanın Qəlbi - İstanbul Prosesi»nə Əfqanıstan, Azərbaycan, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və BMT daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG