ABŞ prezidenti Donald Trump-ın seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafort 11,65 milyon dollarlıq girov müqaviləsinə razılaşıb. Bu razılaşma Trump kampaniyasının Rusiyayla əlaqələrini araşdıran xüsusi müşavirlə əldə olunub.
Vəkili Kevin Downing Vaşinqtonda deyib ki, oktyabrda ittihamlar irəli sürüləndən Virciniyadakı evinə məhkum edilmiş Manafort ev dustaqlığından və elektron qurğunun nəzarətindən azad olunacaq.
DÖRD ƏMLAK GİROV QOYULUB
Manafort müqavilə pozularsa, 11,65 milyon dollarlıq dörd daşınmaz əmlakının müsadirəsinə razılaşıb. Downing-in sözlərinə görə, razılaşma xüsusi müşavir Robert Mueller-lə əldə olunub.
Mueller-in sözçüsündən açıqlama almaq mümkün olmayıb.
*** Buna da bax: Flynn-in istintaqla əməkdaşlıq edəcəyi bildirilir
Trump-ın seçki kampaniyasına yeddi ay rəhbərlik etmiş Manafort və onun biznes ortağı Richard Gates oktyabrda federal böyük jürinin onlara irəli sürdüyü 12 bəndlik ittihamnaməylə özlərini təqsirli bilməyiblər.
Bu ittihamlara çirkli pulyuma, Birləşmiş Ştatlara qarşı fəaliyyət, Ukraynanın keçmiş rusiyapərəst hökumətinin xarici agentləri kimi qeydiyyatdan keçməməklə bağlıdır.
Həmin ittihamlar Mueller-in “Rusiya istintaqı” çərçivəsində araşdırılır. ABŞ kəşfiyyat agentlikləri Rusiyanın ötən ilki prezident seçkisinə haker hücumları və dezinformasiya yaymaqla Trump-ın xeyrinə təsir göstərməyə çalışması qənaətinə gəliblər.
Rusiya ittihamları danıb. Trump-sa Rusiyayla hansısa əməkdaşlığa getmədiyini bildirib.
*** Buna da bax: Məhkəmə Trump-ın keçmiş kampaniya rəhbərinin 'qaçmaq riski' olduğu deyir
SESSİONS İNFORMASİYA VERMİR
Bu arada ABŞ-ın baş prokuroru Jeff Sessions-un Trump-la bağlı informasiya verməkdən imtina etdiyi üzə çıxıb. Prokuror prezident Trump-ın ondan Ədliyyə Departamentinin apardığı Rusiya istintaqını əngəlləməyi xahiş edib-etməməsiylə bağlı informasiya vermir. Bunu ABŞ Konqresinin aparıcı üzvü, Demokratlar Partiyasından Adam Schiff deyib.
Noyabrın 30-da ABŞ Nümayəndələr Palatasının kəşfiyyat komitəsində keçirilən qapalı dinləmədə Sessions bu sualı cavablandırmaqdan imtina edib. Schiff-in sözlərinə görə, Sessions indiyədək açıq dinləmələrdə dediklərini təkrarlayıb.
Schiff Sessions-un cavabının “narahatlıq” doğurduğunu söyləyib.
“Trump-ın Rusiya istintaqına müdaxiləyə cəhd edib-etmədiyini Konqres, eləcə də Amerika xalqı bilməlidir”, – konqresmen jurnalistlərə deyib.
Sessions isə dinləmədən çıxarkən jurnalistlərin sualını cavablandırmayıb.